"Azərbaycanda 30 milyon insan yaşaya bilər" - EKSPERT

"Azərbaycanda 30 milyon insan yaşaya bilər" - EKSPERT
Kateqoriya məlum deyil
T

Son məlumatlara əsasən, Azərbaycan əhalisinin sayı 10,3 milyon nəfərə çatıb. Müstəqillik dövründə ölkə əhalisinin sayı təxminən 3 milyon nəfər, yəni 41 faiz artıb.

Proqnozlara əsasən, əhali artımı hələ müəyyən müddət davam edə bilər.

Azərbaycanın coğrafi və iqtisadi imkanlarını, eləcə də əmək bazarının vəziyyətini nəzərə alsaq, ölkədə nə qədər insanın rahat və normal həyat səviyyəsi ilə yaşaması sual yaradan məsələdir.

Maraqlıdır, Azərbaycanda nə qədər insanın yaşaması imkanı var?

Məsələ ilə bağlı sosioloq Naib Niftəliyev Sfera.az-a açıqlama verib.

Onun sözlərinə əsasən, əgər gəlirlər müəyyən qədər sosiallıq prinsipinə uyğun bölünsə və minimum gəlirlərin artması baş verərsə, əhali sayının daha uzunmüddətli artımı gözləniləndir:

“Azərbaycan cəmiyyəti neomühafizəkar bir cəmiyyətdir və ailədə ən azı iki-üç övladı görmək istəyir. Bu, bir qanunauyğunluq və normadır. İkinci tərəfdən isə normalda Azərbaycan cəmiyyətində müəyyən yaşa çatdıqdan sonra həm xanımlar, həm bəylər ailə qurmaq istəyirlər və iqtisadi vəziyyət tədricən yaxşılaşdıqca bu meyllər istər-istəməz artacaq. Baxmayaraq ki, son dövrlər boşanma tendensiyası 61 faizə çatıb, bu, ailə qurmaq meylini azaltmayıb. Statistikada qəfil kəskin azalma var, amma düşünürəm ki, bu müəyyən bir böhran səviyyəsinin pik həddidir və müəyyən mərhələdən sonra istər-istəməz geri dönüş baş verəcək. Çünki mental olaraq Azərbaycanın milli dəyərləri hər bir vətəndaş, hər bir insan üçün, şəxsiyyətindən və maddi imkanlarından asılı olmayaraq, əksər Azərbaycan vətəndaşları üçün keçərlidir. Normal həyat səviyyəsini götürdükdə, məsələn, deyək ki, biz Yaponiyanı müqayisə edə bilərik. Yaponiyanın ərazi resursları, bildiyiniz kimi, məhduddur, əhalisi isə təqribən Rusiya əhalisinə bərabərdir. Yəni burada bir-iki faiz irəliləmə və ya geriləmə ola bilər. Amma ərazisi ən yaxşı halda Xəzər dənizi boydadır. Bu baxımdan müqayisə olunduqda, Azərbaycan ərazisində haradasa digər ölkələrdə olduğu kimi, hətta ərazisi dəfələrlə kiçik olan ölkələrdə belə daha çox əhali yaşayır. Məsələn, Banqladeş nümunəsini götürə bilərik ki, ərazisi Azərbaycan ərazisindən bir qədər genişdir. Amma orada 220 milyona yaxın əhali yaşayır. Düzdür, yoxsulluq səviyyəsində yaşayan insanlar çoxdur, amma fakt odur ki, orada bir yaşayış var. Ümumilikdə Azərbaycanın coğrafiyasını, Avropa ölkələrinə, Şərqə və Qərbə bərabər çıxışını, logistik mərkəz olmasını nəzərə aldıqda, indiki göstəricilərlə bir qədər optimallaşdırma, iqtisadi cəhətdən differensiallaşma, sənayenin və qida sənayesinin inkişafı yüksələrsə, indikindən ən azı altı-yeddi dəfə daha çox ümumi daxili məhsul əldə edə bilərik”.

Ekspert ölkədə nə qədər əhalinin rahat şəkildə yaşaya biləcəyini də açıqlayıb:

“60 milyona qədər əhali heç bir problem olmadan Azərbaycan ərazisində müəyyən şərtlər daxilində yaşaya bilər. Amma real yanaşdıqda, bu günün özündə 10,3 milyon əhali olsa da, baxmayaraq ki, əhalinin müəyyən bir qismi həqiqətən yoxsulluq və ehtiyac içində yaşayır, müəyyən ciddi sosial-demoqrafik siyasət aparılarsa, sosialyönümlülük hədəfləri önə keçirilərsə və ərzaq istehsalında, ümumiyyətlə, qiymətlərin differensiallaşmasında, məşğulluq səviyyəsinin artırılmasında yeni iqtisadi metodlar tətbiq olunarsa, azı indikindən iki dəfə artıq, yəni 25-30 milyona qədər əhalinin indikindən iki dəfə yaxşı səviyyədə Azərbaycanda rahat şəkildə yaşaması mümkündür”.

Mütəxəssis hazırki proqnozların pessimist olduğunu bildirib:

“Düşünürəm ki, pessimist proqnozlar üzrə hərəkət etmək və onun reallaşmasına çalışmaq, bu istiqamətdə müəyyən ardıcıllığın olması təbiidir. Amma istənilən halda iqtisadiyyatın şaxələndirilməsi, texnologiyanın tətbiqi və insan kapitalının hansı istiqamətdə inkişaf etməsi burada vacib şərtlərdən biridir. Təbii ki, əhali artımı həm də iqtisadi artımla, məhsuldarlıqla, iqtisadiyyatın keyfiyyəti ilə təmin olunmalıdır. İş yerləri, məşğulluq, urbanizasiya kimi faktorlar burada təsir göstərən əsas amillər sırasındadır və sosial infrastruktur da əhali artımının tempinə uyğun inkişaf etməlidir. Bu şərtlər daxilində ola bilsin ki, yaxın 10 ildə müəyyən bir dolğunluq yaransın, geri sayım ola bilər. Amma yaxın 30-40 il üçün əhalinin ən azı iki dəfədən artıq, 2,5 dəfə, yəni 25-30 milyona qədər artması mümkündür. Bu, gələcəyə yönələn bir proqnoz ssenarisidir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ