Çay, Dəmir Çatışmazlığı və Xoruldamaq: Orqanizmin gözardı etdiyimiz Siqnalları

Bəzən bədən xəstəlikləri birbaşa göstərmir. O, kiçik, gündəlik sayılan əlamətlərlə bizə xəbərdarlıq edir. Yorğunluq, solğunluq, saç tökülməsi və hətta adi xoruldama belə ciddi problemlərin ilk siqnalı ola bilər.
Sfera.az bir hematoloqun orqanizmin dəmir çatışmazlığı, gizli əlamətləri və fəsadları barədə xəbərdarlıq etdiyi məlumatı sizə təqdim edir:
Mayk adlı hematoloq öz “İnstaqram” hesabında qarşılaşdığı təcrübəni paylaşıb. 34 yaşlı qadını müayinə edərkən onun daimi yorğunluq, dərisində solğunluq, saç tökülməsi, dırnaqların kövrəkləşməsindən şikayətçi olduğunu qeyd edib. Qan analizində hemoqlobin 90 çıxıb ki, norma: 120–140-dır. Bu, anemiyaya işarəsidir. Həkim əvvəlcə soruşur:
— Vegetariansınız? Aybaşılarınız güclüdür?
Cavab “xeyr” olur. Amma sonradan başqa bir detal ortaya çıxır:
— Yeməkdən sonra nə içirsiniz?
— Çay… xüsusilə yaşıl çay.
Çay və dəmirin sovrulması
Çayın tərkibində taninlər var. Bu maddələr qidadan alınan dəmirə bağlanaraq onun sovrulmasını azalda bilər.
Sadə dildə desək:
Dəmir + taninlər → həll olmayan birləşmədir. Bu birləşmə bağırsaqlarda sovrulmur və orqanizmdən xaric olunur. Nəticədə insan kifayət qədər dəmir yesə belə, bədən onu istifadə edə bilmir.
Təkcə çay yox, qəhvə də dəmirin sovrulmasına təsir göstərə bilər.
Qəhvə dəmirin sovrulmasını təxminən 40–60% azalda bilər.
Bu təsir çaydan zəif olsa da, xüsusilə dəmir çatışmazlığı olan insanlarda nəzərəçarpacaq dərəcədədir.
Riskli vərdiş: yeməkdən dərhal sonra çay içmək
Mütəxəssislər adətən çay və qəhvəni yeməkdən 2 saat sonra və ya yeməkdən 1 saat əvvəl qəbul etməyi tövsiyə edir. Bu halda, qidadakı dəmir daha yaxşı sovrulur.
Dəmirin orqanizmdə daha yaxşı mənimsənilməsi üçün C vitamini çox vacibdir.
Məsələn:
Ətin yanında limon;
Qarabaşaq + bolqar bibəri;
və ya sadəcə portağal şirəsi.
C vitamini dəmirin sovrulmasını bir neçə dəfə artıra və taninlərin təsirini azalda bilər.
Dəmir çatışmazlığının əlamətləri
Bədən çox vaxt aşağıdakı siqnalları verir:
Bitməyən yorğunluq;
Solğun dəri və dodaqlar;
Saçların tökülməsi;
Dırnaqların qırılması;
Buz və ya qeyri-adi maddələrə meyl (pika);
Nəfəs darlığı;
Sürətli ürək döyüntüsü;
Başgicəllənmə.
Bəs kimlər daha çox risk altındadır?
• güclü aybaşı qanaxması olan
• hamilə qadınlar
• uşaqlar və yeniyetmələr
• vegetarianlar
Xoruldama da çox vaxt “adi hal” kimi qəbul edilsə də, bu, bəzən ciddi bir siqnal ola bilər.
Xüsusilə, yüksək səsli xoruldama, gecə nəfəsin dayanması, səhərlər yorğun oyanmaq, gün boyu yuxululuq yuxu apnesi ilə bağlı ola bilər.
Yuxu apnesi niyə təhlükəlidir?
Yuxu apnesi zamanı gecə nəfəs qısa müddətlik dayanır və oksigen səviyyəsi düşür. Bu vəziyyət uzun müddətdə ürək xəstəlikləri, insult (iflic), yüksək təzyiq, beyin funksiyalarının zəifləməsi riskini artıra bilər.
Nəticə etibarı ilə, orqanizmimiz bəzən yüksək səslə yox, kiçik siqnallarla danışır. Bu əlamətlər “normal” kimi görünə bilər, amma bəzən arxasında ciddi səbəblər dayanır.
Simptomları görməzlikdən keçmək yox, səbəbi anlamaq vacibdir.
Aynil
