“Göz tam bağlanır, üz tanınmaz hala gəlir” - Bu il uşaqları dişləyən nədir?

“Göz tam bağlanır, üz tanınmaz hala gəlir” - Bu il uşaqları dişləyən nədir?
Kateqoriya məlum deyil
T

Havaların yağıntılı keçməsindən sonra həşəratların çoxalması müəyyən narahatlıqlar doğurmağa başlayıb. Belə ki, həşəratların dişləməsindən sonra uşaqlarda göz, qol, ayaq və digər nahiyələrdə qızartı və güclü şişkinlik halları yaranır. Hər il yaz-yay aylarında həşərat dişləmələri ilə bağlı müraciətlər olurdu. Lakin bu il ilk dəfədir ki, dişləmədən sonra göz və digər nahiyələrin bu dərəcədə şişməsi halları daha çox diqqət çəkir.

Maraqlıdır, valideynlər həşərat dişləməsindən sonra hansı addımları atmalıdır? Şişkinlik yarandıqda ev şəraitində hansı tədbirlər görülə bilər?

Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Sfera.az-a açıqlama verib.

Mütəxəssis həşərat dişləməsindən sonra uşaqların üz və bədənlərində yaranan şişkinliyin səbəblərini açıqlayıb:

“Hər il yaz-yay aylarında həşərat dişləmələri artır və bu, normal bir mövsüm hadisəsidir. Lakin bu il valideynlər yeni bir vəziyyətlə üzləşirlər: dişləmədən sonra uşağın gözü, qolu, ayağı güclü şəkildə şişir. Bəzi hallarda göz demək olar ki, tam bağlanır, üz tanınmaz hala gəlir. Valideynlər bu mənzərədən qorxuya düşür və bu narahatlıq başadüşüləndir. Çünki bu reaksiya adi dişləmədən tamamilə fərqlənə bilər. Bəzi uşaqların immun sistemi həşərat zəhərinə qarşı həddindən artıq reaksiya verir. Tibbdə buna “böyük yerli reaksiya” deyilir. Dişlənən yer saatlar ərzində güclü şəkildə şişir, qızarır və istiləşir. Bu allergiya deyil, amma allergiyaya çox bənzəyə bilər. Dəqiq hansı həşəratın dişlədiyini bilmək həmişə mümkün olmur, ona görə də dişlənən anı və yeri yadda saxlamaq vacibdir”.

E.Tağıyev valideynlərin belə hallarda nə etməli olduqlarını da izah edib:

“İlk olaraq sakit olun. Şiş olan yerə təmiz, soyuq bez qoyun, üzərinə isə buz əlavə edin. Lakin buzu birbaşa dərinin üzərinə qoymaq olmaz ki, dəri zədələnməsin. Uşağa yaşına uyğun dozada antihistamin vermək olar. Dişlənən yeri qaşımaqdan çəkindirin, çünki qaşıma infeksiya riskini artırır. Göz ətrafı şişibsə, uşağı uzandırın və başını bir qədər yuxarı tutun. Bu, şişliyin azalmasına kömək edir. Əgər nəfəs alma çətinləşirsə və ya sürətlənirsə, dodaqlar, dil və ya boğaz şişirsə, dəri solğunlaşır və ya göyərirsə, uşaq özündən çıxırsa və ya həddindən artıq narahat olursa, şişlik 48 saatdan uzun çəkirsə və ya yayılmağa davam edirsə, yüksək hərarət qalxırsa, mütləq həkimə müracət edin. Çünki bu əlamətlər ağır allergik reaksiyanın, anafilaksiyanın göstəricisi ola bilər. Bu vəziyyət dəqiqələr içində təhlükəli hala gələ bilər və dərhal təcili tibbi yardım tələb edir. Gözləmək olmaz. Həşərat mövsümündə ehtiyatlı olun, uşaqlarınızı açıq havada uzunqollu geyimlə çıxarın və repellentdən, yəni həşərat qovuculardan istifadə etməyi unutmayın”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ