ABŞ-İran razılaşması nefti ucuzlaşdırır: Qiymətlər nə qədər enəcək?

ABŞ, İsrail və İran arasında müharibənin baş verməsindən sonra yüksələn neft qiymətləri yenidən enməyə başlayıb. Qiymətlərin enməsinə səbəb ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasıdır.
Sfera.az xəbər verir ki, “Brent” neftinin bir bareli 84 dollara qədər enib.
Halbuki cəmi bir ay əvvəl qiymətlər 108 dollar səviyyəsində idi. Bəzi günlərdə “Brent” markalı neftin qiyməti həttə 120 dollara çatmışdı.
Hazırda bazarlar razılaşmadan sonra qiymətlərin düşəcəyini gözləyirlər.
Bəs ABŞ və İran arasındakı razılaşma neft bazarına necə təsir göstərəcək? “Brent” yenidən 60 dollar səviyyəsinə düşə bilərmi?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, ABŞ və İran arasında razılaşmanın detalları və onun sanksiyalara real təsiri hələ tam aydın olmadığından, neftin gələcək qiymətini dəqiq proqnozlaşdırmaq mümkün deyil:
“Bununla belə, bazarın əsas gözləntisi odur ki, əgər İran neftinin ixracı əhəmiyyətli dərəcədə artsa, dünya bazarında təklif çoxalar və qiymətlərə aşağı təzyiq yaranar. “Brent” neftinin 84 dollar səviyyəsinə enməsi artıq bazarın müəyyən risklərin azalacağını qiymətləndirdiyini göstərir”.

Ekspert neft qiymətinin 60 dollara düşməsi üçün təkcə İran amilinin kifayət etmədiyini bildirib:
“Bunun üçün həm qlobal iqtisadi artımın zəifləməsi, həm də OPEC+ ölkələrinin hasilatı artırması və ya istehsal məhdudiyyətlərini yumşaltması lazım gələ bilər. Hazırkı şəraitdə 70–80 dollar aralığı daha real görünür. 60 dollar səviyyəsi isə mümkündür, amma bunun üçün bazarda əlavə mənfi amillərin yaranması tələb olunur. Əgər Yaxın Şərqdə geosiyasi risklər azalarsa və İran ixracı sürətlə artsa, “Brent”in əvvəlcə 75–80 dollar, daha sonra isə 65–70 dollar aralığını test etməsi mümkündür. 60 dollar isə hazırda əsas ssenaridən çox, daha zəif qlobal tələbat halında mümkün görünür”.
Bəsti Rəfizadə

