Sorğu: Rusların 73 faizi Putinə etibar edir

Rusiyada keçirilən son sorğunun nəticələrinə əsasən, vətəndaşların 73 faizi Prezident Vladimir Putinə etimad göstərdiyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə "Public Opinion Foundation"un (FOM) apardığı araşdırmada qeyd olunub.
Sorğuda iştirak edənlərin 73 faizi Putinə daha çox etibar etdiyini, 16 faizi isə əks mövqe sərgilədiyini deyib. Respondentlərin 75 faizi onun prezident kimi fəaliyyətini müsbət qiymətləndirib. Bu fikirlə razılaşmayanların payı isə 12 faiz olub.
Araşdırmaya görə, növbəti bazar günü Dövlət Dumasına seçkilər keçirilsəydi, respondentlərin 36 faizi "Vahid Rusiya" partiyasına səs verəcəyini bildirib. Sorğu iştirakçılarının 12 faizi "Liberal Partiya"ya, 8 faizi isə "Rusiya Federasiyası Kommunist Partiya"sını dəstəkləyəcəyini açıqlayıb. Bundan başqa, 6 faiz respondent "Yeni İnsanlar" Partiyasını, 3 faiz isə "Ədalətli Rusiya – Həqiqət Naminə" Partiyasına səs verəcəyini qeyd edib.
Sorğuda iştirak edənlərin 46 faizi Rusiya hökumətinin fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 32 faizi isə Nazirlər Kabinetinin işini daha çox mənfi dəyərləndirib.
Hökumət başçısı Mikail Mişustinin fəaliyyətindən razı qalanların payı 52 faiz olub. Sorğu iştirakçılarının 14 faizi isə onun işindən narazı olduğunu bildirib.
Qeyd edək ki, “FOMnibus” sorğusu 2026-cı il iyunun 5-7-də Rusiyanın 51 regionunda yerləşən 97 yaşayış məntəqəsində keçirilib. Tədqiqatda yaşı 18-dən yuxarı olan 1500 nəfər iştirak edib.
Xatırladaq ki, may ayında keçirilən analoji sorğuda Putinə etimad səviyyəsi 74 faiz təşkil etmişdi.
İnci
Sfera.az
