Medvedev: "Qərb Rusiyaya qarşı hibrid müharibə aparır"

"Qərb Rusiyaya qarşı hibrid müharibə aparır. Onlar təkcə rus mədəniyyətini “ləğv etməyə” deyil, həm də sözün əsl mənasında ruslara məxsus olan hər şeyi məhv etməyə çalışırlar".
Sfera.az bildirir ki, bu barədə "Vahid Rusiya" partiyasının sədri və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev partiyanın yeni milli proqramını hazırlayan ekspert şurasının iclasında çıxışı zamanı bəyan edib. Medvedev hazırda ölkəsinin görünməmiş bir təzyiqlə qarşı-qarşıya olduğunu vurğulayıb: "Biz görünməmiş təzyiq altında yaşayırıq. Amma bu, təkcə iqtisadi sıxışdırma deyil, həm də koordinasiyalı və çox aktiv şəkildə aparılan informasiya təzyiqidir. Bu, ölkəmizə qarşı yönəlmiş hibrid müharibənin əsas elementlərindən biridir".
Siyasətçi Qərbin rus dilini və mədəniyyətini hədəf aldığını diqqətə çatdırıb: "Bəlkə də rəqiblərimiz əvvəllər buna o qədər də əhəmiyyət vermirdilər, amma indi çox fəal şəkildə istifadə edirlər. Ortada heyrətamiz və rəzil bir mənzərə var: mədəniyyətimizi “ləğv etmək” cəhdləri, ölkəmizlə ünsiyyəti tamamilə kəsmək istəyi. Geniş mənada rus olan, çoxmillətli mədəniyyətimizə aid olan hər şeyi, o cümlədən rus dilini məhv etməyə çalışırlar". Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, bu təzyiqlərin öhdəsindən gəlmək üçün tarixi yaddaşı qorumaq və Rusiyanın milli-mənəvi dəyərlərini möhkəmləndirmək şərtdir.
O, həmçinin Rusiyanın təhlükəsizlik məsələlərinin prioritet olduğunu bildirərək, Ukraynadakı hərbi əməliyyatlara da toxunub: "Xüsusi hərbi əməliyyat şəraitində biz proqramımızda ölkənin və Vətənin təhlükəsizliyi məsələsini mütləq ön plana çıxarmalıyıq. Əlbəttə ki, biz bu çağırışa cavab verməliyik və bunu, ilk növbədə, müharibəni uğurla və qələbə ilə başa vurmaqla etməliyik",– deyə Medvedev fikrini tamamlayıb.
Bəsti Rəfizadə
Sfera.az
