Ermənistan məhsullarına qadağa: Yük maşınları boş qayıdır

Rusiya tərəfindən Ermənistan kənd təsərrüfatı məhsullarının idxalına tətbiq edilən məhdudiyyətlər həm istehsalçılara, həm də yükdaşıma şirkətlərinə ciddi təsir göstərib.
Sfera.az xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) mayın 30-dan və iyunun ilk günlərindən etibarən Ermənistandan idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına mərhələli məhdudiyyətlər tətbiq edib.
Məhdudiyyətlər pomidor, xiyar, bibər, çiyələk, eləcə də albalı, ərik, şaftalı, üzüm və digər məhsulları əhatə edir.
Daşıyıcılardan birinin sözlərinə görə, əvvəllər Rusiyadan Ermənistana qayıdan yük maşınları boş dönmürdü və bu da sürücülərə əlavə gəlir qazandırırdı. Lakin hazırda rus şirkətləri məhsullarını erməni tərəfinə satmaqdan imtina edir, nəticədə Rusiyadan Ermənistana daşınan yüklərin həcmi də əhəmiyyətli dərəcədə azalıb.
Bildirilib ki, yaranmış vəziyyət Ermənistan şirkətlərini ikitərəfli təzyiq altında qoyub. Belə ki, həm Rusiyaya ixrac çətinləşib, həm də Rusiyadan idxalın həcmi azalıb. Nəticədə yük avtomobilləri çox vaxt marşrutu boş qət etməyə məcbur qalırlar.
Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət Ermənistanın logistika və kənd təsərrüfatı sektorunda əlavə maliyyə itkilərinə səbəb ola bilər.
İnci
Sfera.az
