"Onlar İranda normal həyatı pozmağa çalışırlar"

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatların gedişatı göstərir ki, ABŞ və İsrail tədricən İranın enerji infrastrukturu və sənaye obyektlərini hədəfə almağa başlayıb.
Son günlər həyata keçirilən zərbələr əsasən ölkənin iqtisadi və strateji əhəmiyyət daşıyan obyektlərinə yönəldilir. Bu isə əməliyyatların yalnız hərbi hədəflərlə məhdudlaşmadığını, İranın enerji imkanları və istehsal potensialının da zəiflədilməsinin hədəfləndiyini göstərir.
ABŞ və İsrail bu taktika ilə nəyə nail olmaq istəyir?
Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlayarkən qarşıya qoyduqları vəzifələrə tam şəkildə nail ola bilmədiyini söyləyib. E.Xalidbəyliyin fikrinə əsasən, xüsusilə də İranda hakimiyyət böhranının yaradılmasına yönəlik addımlar ABŞ və İsrailin ümid bəslədiyi nəticələri verməyib:

“Ona görə də indi ABŞ və İsrail fərqli variantları sınaqdan çıxarmağa çalışır. Onların sırasında da İranın neft infrastrukturuna və sənaye müəssisələrinə zərbələrin endirilməsi də var ki, bu prosesə artıq başlanılmış kimi görünür. Böyük ehtimalla ABŞ və İsrail bu addımı atmaqla İranda böhran yaratmağa cəhd göstərir. Çünki İranın əsas gəlir qaynaqlarından biri neft ixracıdır və neft infrastrukturunun sıradan çıxarılması rəsmi Tehranı olduqca ciddi gəlirlərdən məhrum qoya bilər”.
Politoloq əlavə edib ki, İranda normal həyat şəraitinin pozulması və sosial-iqtisadi böhranın dərinləşməsi istənilir və bu da əhalidə narazılığın artmasına səbəb ola biləcək faktorlardan biridir:
“Böyük ehtimalla ABŞ və İsrail indi bu variantı sınaqdan çıxarmağa çalışırlar. Ancaq bu variantın da ABŞ və İsrailin hədəflərinə çatmasında hansı səviyyədə rol oynaya biləcəyi bir qədər qeyri-müəyyən xarakter daşıyır. Çünki İran hərbi zərbələrə tab gətirməyi bacardı və ABŞ və İsrailin ortaq hərbi əməliyyatlarına müqavimət göstərmək niyyətini hər ötən gün daha da qabarıq şəkildə biruzə verir. Bu da o deməkdir ki, ABŞ və İsrailin qısa müddətdə İrana qalib gəlmə ehtimalı hazırda o qədər də inandırıcı görünmür”.
Fidan Hacızadə
Sfera.az
