İsrail vurduqca xalq birləşir – İranda sarsıntı olacaqmı?

Son günlər İsrailin İranda polis, “Bəsic” qüvvələri və daxili təhlükəsizliyə cavabdeh olan qurumların inzibati binalarını hədəfə alması diqqət çəkir. Bu addımın məqsədinin ölkə daxilində etirazları asanlaşdırmaq olub-olmaması ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.
Maraqlıdır, bu cür tədbirlərdə məqsəd nədir? Bu addımla daxili etirazları asanlaşdırmaq olarmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, böyük və ideoloji gücü yüksək olan dövlətlərdə xarici müdaxilələrlə daxili etirazı tam qaldırmaq olmur.

Onun sözlərinə görə, bu hal İranda da müşahidə olunur:
“12 günlük qarşıdurmada xalq birləşdi sonra üsyanlar oldu. Yenə də müharibədir deyə xalq birləşib, hansısa aksiya və mitinq keçirilmir. Müharibədən sonra üsyanlar baş verə bilər. Eyni şeyi Qərb Rusiyaya sanksiyalar tətbiq edəndə Rusiya haqqında da fikirləşirdik. Burada bir az mövqe fərqlidir. Onda Rusiya hücum edən tərəf idi, Rusiyada iqtisadi vəziyyət daha yaxşıdı, orada avtoritar rejimdi. İranda da çox fərqli deyil rejim vəziyyəti, amma mitinqlər daha çox və genişmiqyaslı olur”.
Ə.Məmmədli qeyd edib ki, sözügedən orqanların inzibati binalarının dağıdılması bu səbəbdən səmərəli olmayacaq:
“Hücum etməyi və müdafiə olunmağından asılı olmayaraq, ideoloji dövlətlərdə xarici müdaxilə ilə üsyana çəkmək mümkün deyil. Əksinə, bu addım daha da cəmiyyəti mövcud hakimiyyət ətrafında birləşdirir”.
Firuzə Əliyeva
Sfera.az
