Ermənistan seçki ərəfəsində: Rusiya müdaxilə edə bilər

Ermənistanda yaxınlaşan parlament seçkiləri ölkənin daxili siyasi gündəmini yenidən aktivləşdirib. Seçki ərəfəsində müxtəlif siyasi qüvvələr və ekspertlər prosesə xarici təsir ehtimalı ilə bağlı iddialar səsləndirir, xüsusilə Rusiyanın mümkün rolu geniş müzakirə olunur. Bəzi erməni politoloqlar hesab edirlər ki, Moskva seçkilərin nəticələrinə təsir göstərmək üçün Rusiyada yaşayan erməni icmasının imkanlarından istifadə edə bilər.
Digər tərəfdən, bu iddialar Ermənistanın daxili siyasi mübarizəsinin bir hissəsi kimi də qiymətləndirilir. Müxtəlif siyasi qruplar xarici faktorları gündəmə gətirməklə həm rəqiblərinə təzyiq göstərməyə, həm də ictimai rəyi öz xeyirlərinə formalaşdırmağa çalışırlar. Bu fonda seçkilər öncəsi ölkədə siyasi gərginliyin artması ehtimalı da müzakirə edilir.
Ermənistanda seçkiöncəsi siyasi mühitdə gərginlik yaratmaq istənilir? Rusiyanın seçkilərə ciddi təsiri olacaqmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda siyasi mühitin aktivləşməsi və müxtəlif iddiaların səsləndirilməsi təbii haldır.
Onun sözlərinə görə, həm daxili siyasi qüvvələrin, həm də xarici aktorların mümkün təsiri ilə bağlı müzakirələrin artması Ermənistanın siyasi həyatında tez-tez müşahidə olunan bir tendensiyadır:

“Bu kontekstdə bəzi erməni politoloqların Moskvanın seçkilərə təsir etməyə çalışdığı və Rusiyadakı erməni icmasının prosesə cəlb oluna biləcəyi ilə bağlı fikirləri daha çox siyasi debatların bir hissəsi kimi dəyərləndirilməlidir. Məlumdur ki, Rusiya uzun illərdir Ermənistanın əsas siyasi, iqtisadi və təhlükəsizlik tərəfdaşlarından biridir. Lakin seçkilərin nəticələrinə birbaşa təsir imkanları məsələsi daha mürəkkəbdir və bir çox amillərdən asılıdır. Eyni zamanda, seçki ərəfəsində siyasi gərginliyin artması da Ermənistan üçün yeni hal deyil. Son illərdəki siyasi parçalanma, hakimiyyət və müxalifət arasındakı sərt polemika daxili gündəmi kifayət qədər həssas edib”.
Ü.Zülfiqar qeyd edib ki, Rusiyada böyük erməni diasporunun mövcudluğu da tez-tez siyasi müzakirələrə səbəb olur:
“Bunun müəyyən siyasi və iqtisadi təsir imkanlarına malik olduğu qeyd edilsə də, onların seçki nəticələrini həlledici şəkildə dəyişdirə biləcəyi barədə iddialar birmənalı qəbul olunmur. Diasporun mövqeyi müxtəlifdir və vahid siyasi xətt üzrə hərəkət etməsi hər zaman mümkün olmur. Qarşıdan gələn parlament seçkiləri Ermənistanın daxili siyasi dinamikasının göstəricisi olacaq. Xarici təsir faktorları ilə bağlı müzakirələr davam etsə də, nəticələri müəyyən edən əsas amillər ölkə daxilindəki siyasi rəqabət, seçici davranışı və mövcud ictimai-siyasi vəziyyət olacaq. Bu baxımdan proseslərin inkişafı həm region ölkələri, həm də Ermənistanın tərəfdaşları tərəfindən diqqətlə izlənilir”.
Firuzə Əliyeva
Sfera.az
