"İranın yeni lideri sadəcə icraçıdır" – Politoloqdan AÇIQLAMA

"İranın yeni lideri sadəcə icraçıdır" – Politoloqdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İran Ekspertlər Şurası ölkənin yeni ali dini liderini seçib. Bu qərar İranın siyasi və dini idarəetmə sistemində mühüm tarixi hadisə hesab olunur. Yeni liderin müəyyənləşməsi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə geniş müzakirələrə yol açıb. Hesab edilir ki, bu seçim İranın daxili siyasi kursuna, regiondakı strateji roluna və qlobal güclərlə münasibətlərinə ciddi təsir göstərəcək.


Ekspertlər Şurasının bu addımı, xüsusilə Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda dünya birliyinin diqqət mərkəzindədir. Yeni ali dini liderin yürüdəcəyi siyasi xətt və idarəetmə üslubu rəsmi Tehranın gələcək xarici siyasət prioritetlərinin müəyyənləşməsində həlledici rol oynayacaq. Bu səbəbdən baş verən hakimiyyət dəyişikliyi həm region dövlətləri, həm də beynəlxalq aktorlar tərəfindən dərindən təhlil edilir.


Maraqlıdır, yeni ali dini liderin siyasi fəaliyyəti necə olacaq? Rejimdə dəyişikliklər ediləcəkmi? ABŞ və İsrailin ona qarşı münasibətində dəyişiklik gözlənilirmi?


Suallarımızı cavablandıran politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, İranda sistemin proqramını ali dini (əslində siyasi) lider dəyişə bilməz.

 

Onun sözlərinə görə, bu, qədim şüubiyyə ideologiyası əsasında, dini pərdə altında 1979-cu ildə qurucu lider Xomeyni tərəfindən müəyyən olunmuş siyasətdir:


“Sonrakı liderlər sadəcə bu siyasəti icra edirlər. Ali liderin nəyisə dəyişmək hüququ və səlahiyyəti yoxdur. Yalnız beş ildən bir xarici siyasətin gələcək istiqaməti əsas qanun və ideoloji xətt üzrə təsdiq olunur; bütün qurumlar da bu xətt üzrə hərəkət edir. ABŞ və İsrailin münasibətinin dəyişməsi isə İranın xarici siyasətinə bağlıdır. ABŞ müəyyən qədər razılığa gəlməyə meylli olsa da, İsrail barışmaz mövqe nümayiş etdirir. Görünən odur ki, tərəflər geri çəkilməyə meylli deyil və bu da gərginliyin artacağını göstərir”.

 


Politoloq əlavə edib ki, hətta müharibədən əvvəl prezident Pezeşkiyan da hazırkı sistemin mahiyyətinin ona islahatlar aparmağa və əhaliyə verdiyi vədləri yerinə yetirməyə imkan vermədiyini açıqlamışdı:


“Buradan görünür ki, İranın siyasi sistemi nəinki xarici əlaqələrdə, hətta daxili məsələlərdə də problemlidir. Belə qəbul olunur ki, bu sistem inqilabdan sonra ümumxalq səsverməsi ilə təsdiqlənib. Odur ki, hazırkı sistemi dəyişməyə meylli siyasətçilər olsa da, bunun hansı sivil yolla mümkünlüyü barədə rəylər və təkliflər yoxdur. Sistemin əsas təmsilçiləri də islahat aparmağa və ya reforma meylli deyillər; əksinə, daha radikal mövqe tuturlar. Yeni liderin yaxın günlərdəki fəaliyyəti və atacağı addımlar böyük fərq yaratmayacaq. Çünki onu hakimiyyətə gətirən qüvvələr — yəni SEPAH və pərdəarxasında fəaliyyət göstərən digər dairələr əsas qərarlara hakimdir”.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ