Xamenei necə öldürülüb? - DETALLAR

Xəbər verdiyimiz kimi, İsrailin həyata keçirdiyi hərbi əməliyyat nəticəsində İranın ali dini lideri Ali Xamanei və İranın yüksək vəzifəli rəsmilərindən bir neçəsi öldürülüb.
Sfera.az xəbər verir ki, hadisənin detalları barədə "New York Post" məlumat yayıb. Məlumata görə, hücum zamanı İsrail uzun mənzilli "Blue Sparrow missile" tipli ballistik raketdən istifadə edib.
Təxminən 2000 kilometr (1240 mil) məsafə qət edə bilən bu raket Yer atmosferindən çıxaraq yenidən hədəfə doğru düşür və çox güclü partlayış yaradır. İddialara əsasən, hücum "Epik Qəzəb" adlı əməliyyat çərçivəsində həyata keçirilib. Raket zərbəsi nəticəsində Tehran şəhərində yerləşən Xameneinin iqamətgahı dağıdılıb. Zərbənin gücü o qədər böyük olub ki, partlayış qalıqlarının bir hissəsinin İraq ərazisində, ölkənin qərb bölgələrində aşkar edildiyi bildirilib.
Hücum necə planlaşdırılıb?

İsrail ordusunun anonim rəsmisinin sözlərinə görə, hücumdan əvvəl hərbi rəhbərlik qəsdən ordunun həftəsonu istirahətə getdiyi görüntüsünü yaradıb. Mətbuata İsrail Müdafiə Qüvvələrinin əməkdaşlarının şənbə axşamı üçün evlərinə getdiyini göstərən foto və məlumatlar yayılıb. Lakin yüksək rütbəli hərbi rəhbərlər qısa müddət sonra gizli şəkildə qərargaha qayıdaraq əməliyyatın hazırlığını davam etdiriblər. Əvvəlcə hücumun gecə həyata keçirilməsi planlaşdırılsa da, sonradan plan dəyişdirilib. Bildirilir ki, İranın yüksək səviyyəli rəhbərliyinin şənbə səhəri toplantısı nəzərə alınaraq zərbə həmin vaxt endirilib.
Mossadın rolu

İsrailin kəşfiyyat xidməti Mossad əməliyyat zamanı Xameneinin mühafizəçilərinin hərəkət qrafikini və yerləşdiyi mövqeləri izləyib. Tehran şəhərində yerləşən kameraların birindən əldə edilən görüntülər hücumun dəqiq vaxtının müəyyənləşdirilməsində mühüm rol oynayıb. Toplanan məlumatlar real vaxt rejimində Tel Əviv şəhərinə ötürülüb və hücum üçün ən uyğun an müəyyən edilib. Hücumun icrası İsrailə məxsus "F-15 Eagle" qırıcı təyyarələri və digər hərbi təyyarələr səhər saat 07:30 radələrində havaya qalxıb. Təxminən iki saat sonra Xameneinin iqamətgahına ümumilikdə 30 raket, o cümlədən “Blue Sparrow” raketləri buraxılıb.

Hücum zamanı Xameneinin iqamətgahı yaxınlığında yerləşən mobil rabitə qüllələrinin fəaliyyəti də İsrail tərəfindən pozulub ki, təhlükəsizlik qüvvələri xəbərdarlıq ala bilməsin. Ölənlər arasında yüksək rütbəli generallar da var. İsrail rəsmilərinin iddiasına görə, hücum nəticəsində İranın 40-dan çox yüksək vəzifəli rəsmisi öldürülüb. Onların arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Mohammad Pakpour və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Abdolrahim Mousavi də var. Bundan başqa, hücum nəticəsində Xameneinin ailə üzvləri də öldürülüb.
Firuzə Əliyeva
Sfera.az
