Tehranın "xəta" bəhanəsi - Ekspert inandırıcı hesab etmir

Tehranın "xəta" bəhanəsi - Ekspert inandırıcı hesab etmir
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Türkiyə ərazisində İrana məxsus ballistik raket vurulub. Vurulan raketin İran tərəfindən buraxılması təsdiqini tapsa da, bu raketin hədəfinin Türkiyə olmadığı bildirilib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayaraq Türkiyə istiqamətinə raket buraxılmadığını qeyd edib.


Məlumatdan anlaşılır ki, raket başqa istiqamətə hədəflənsə də, sonradan trayektoriyasını dəyişərək Türkiyə ərazisinə daxil olub. Bu açıqlama müəyyən suallar doğurur:

Əgər raket Türkiyə istiqamətinə buraxılmayıbsa, onun həmin tərəfə doğru hərəkət etməsi necə izah oluna bilər? Ballistik raketlərdə bu cür xətaların olması mümkündürmü?


Sfera.az-a bu haqda açıqlama verən hərbi ekspert Anar Şuşalının sözlərinə görə, ballistik raketlərdə istiqamətin dəyişməsi nadir hallarda baş verir:

 


“Ballistik raketlər əsasən əvvəlcədən proqramlaşdırılmış trayektoriya ilə hərəkət edir və uçuşun böyük hissəsi atmosferdən kənarda ballistik xətt üzrə davam edir. Bu səbəbdən onların “öz-özünə” istiqamət dəyişməsi çox nadir hallarda baş verir. Lakin müəyyən texniki problemlər belə hallara səbəb ola bilər.
Birinci ehtimal idarəetmə və naviqasiya sistemindəki nasazlıqdır. Raketlərin daxilində inersial naviqasiya sistemi və bəzən peyk dəstəyini təmin edən qurğular olur. Əgər bu sistemlərdə səhv baş verərsə, raket planlaşdırılmış trayektoriyadan müəyyən qədər yayınaraq başqa istiqamətə yönələ bilər.
İkinci ehtimal mərhələ (stage) və ya mühərrik problemləridir. Ballistik raketlər çoxmərhələli olur və mərhələlərdən biri düzgün ayrılmazsa və ya mühərrik gücü qeyri-stabilləşərsə, raketin uçuş trayektoriyası dəyişə bilər.
Üçüncü ehtimal isə yenidən atmosferə giriş mərhələsində idarə olunan döyüş başlığıdır. Müasir bəzi raketlərdə manevr edən döyüş başlığı (MaRV) olur və bu başlıq hədəfə yaxınlaşarkən istiqamətdə müəyyən dəyişiklik edə bilir. Amma bu dəyişikliklər adətən əvvəlcədən planlaşdırılır və təsadüfi olmur”.


Ekspert ballistik raketlərdə bu cür halların nadir olsa da, baş verməsini texniki cəhətdən mümkün sayır, lakin müasir raketlərdə bu cür səhvlərin ehtimalının aşağı olduğunu bildirib:


“Buna görə də belə hadisələr baş verəndə həm texniki nasazlıq, həm də siyasi-hərbi mesaj ehtimalı paralel şəkildə müzakirə olunur. Qısaca desək, ballistik raketin trayektoriyadan yayınması mümkündür, amma bu hallar çox tez-tez baş verən hadisə sayılmır və hər belə epizod ayrıca araşdırma tələb edir”.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ