Aİ İranla müharibə vəziyyətinə gəlib? - ŞƏRH

Aİ İranla müharibə vəziyyətinə gəlib? - ŞƏRH
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə İranla ABŞ və İsrail arasında artan hərbi gərginlik fonunda Avropa İttifaqının rolu və mövqeyi diqqət mərkəzindədir. Regionda baş verən son hadisələr, nüvə proqramı, hərbi əməliyyatlar və diplomatik gedişatlar Aİ-nin siyasətini ciddi şəkildə sınayır.

 

Bu kontekstdə İsrailin Aİ-dəki səfiri Avi Nir-Feldklein "Politico"ya verdiyi müsahibədə bildirib ki, Avropa İttifaqı artıq İranla faktiki müharibə vəziyyətindədir və diplomatik həll axtarışından imtina etməlidir.

 

Bəs görəsən, Avropa İttifaqının diplomatiyadan imtina etməsi regionda münaqişənin daha da genişlənməsinə səbəb ola bilərmi?

 

Politoloq Həşim Səhrablı Sfera.az-a açıqlamasında bildirib ki, bu fikir İsrailin Avropa İttifaqındakı səfiri tərəfindən səsləndirilib. Onun sözlərinə görə, bu da tamamilə onun dövlətinin maraqlarına uyğun etdiyi çıxışdır və İsrailin xeyrinədir:

 

“Yəni, Avropa İttifaqının İranla müharibəyə qoşulması ən çox İsrailin yararınadır. Çünki, sabah bu müharibə kontekstdən çıxarsa, yəni daha geniş bir vüsət alarsa, o halda ABŞ özü də çox zərər görməyəcək. Çünki, ABŞ regiondan çox uzaqdadır. İranın onu vuracaq roketi, silahı, donanması yoxdur. Elə bir donanması yoxdur ki, Atlantik okeanını keçib getsin və ABŞ-yə zərbə endirsin. Ortada qalan İsrail olacaq. Çünki, hər şey nəzarətdən çıxarsa, İsrail anında İranın kütləvi zərbələri ilə üzləşə bilər. Hətta müstəqilliyi və dövlət varlığı belə sual altına düşə bilər. Ona görə də, İsrail tərəfi maksimum çalışır ki, tərəfdaşları təkcə ABŞ ilə olmasın. Bunu genişləndirmək istəyir. Avropanı, İngiltərəni bu siyahıya əlavə etmək istəyir. Bununla İrana qarşı niyyətini daha tez və risklər ortaya çıxmadan tamamlamağa çalışır. İnanmıram ki, Avropa İttifaqı ya ayrı-ayrı dövlətlər səviyyəsində və yaxud da İttifaq səviyyəsində İrana qarşı əməliyyatlarda yer alsınlar. Çünki hazırki məqamda Avropanın prioriteti Ukrayna münaqişəsi olmalıdır. İran birbaşa Avropaya heç bir təhlükə törədə bilmir. Belə bir resursu, imkanı yoxdur. Amma faktiki Avropa üçün bir təhlükə var ki, bu da Rusiya təhlükəsidir. O təhlükə də Ukraynada genişmiqyaslı işğal əməliyyatlarına davam edir. Ukrayna Avropanın Şərq qapısı sayılırdı. Təhlükəsizlik qarantiyası kimi qəbul edilirdi. İndi Rusiya bu nüansı aradan qaldırmağa çalışır. Avropa təhlükəsizliyi məsələsi ortaya çıxır. Avropa müharibəyə qoşulacaqsa, Rusiya-Ukrayna müharibəsinə qoşulacaq. Yaxın Şərqə gəlib, özünə əlavə problem çıxarmayacaq".

 

Politoloq vurğulayıb ki,  münaqişə kontekstdən çıxa və İran haqlı tərəfə çevrilə bilər:

 

“Avropa İttifaqı bu münaqişəyə qoşulsa, nüvə məsələsi, raket məsələsi önəmli olmayacaq. Burada İran haqlı vəziyyətə salınacaq. Belə çıxacaq ki, İrana qarşı kampaniya var, İranın dövlət varlığı, suverenliyi təhlükə altındadır. Bu da İrana tərəfdaş olan dövlətlərə hüquqi baza yaradacaq. Artıq İranın itirəcəyi heçnə qalmayıb. İran onsuz da ölüm-dirim savaşındadır. Amma Avropa üçün heç bir təhlükə yoxdur və bu savaşın tərkib hissəsi deyil. Özünü bu savaşın tərkib hissəsi etməsi isə çox böyük səhv olardı”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ