Ballistik raketlər və rejim dəyişikliyi - Netanyahunun İran strategiyası

Ballistik raketlər və rejim dəyişikliyi - Netanyahunun İran strategiyası
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Netanyahu İranı Şimali Koreya ilə müqayisə edərək bildirib ki, vaxtilə Pxenyanın qarşısı alınmadı və nəticədə bu gün onun nüvə silahı və ballistik raket arsenalı var. Onun sözlərinə görə, “İran 50 Şimali Koreya kimidir” və ABŞ-nin məhvinə sadiq mövqe sərgiləyir.


Netanyahu əlavə edib ki, Donald Tramp da bu reallığı anlayır və mümkün müharibə uzunmüddətli deyil, sürətli və qətiyyətli olacaq.


Bu açıqlama göstərir ki, ABŞ və İsrail bu dəfə İrana güzəşt etməyəcək və rejim dəyişəcək.


Sfera.az-a açıqlama verən politoloq Abutalıb Səmədovun sözlərinə əsasən, ABŞ İranın nüvə silahı əldə edə bilməməsi və ballistik raket proqramını inkişaf etdirə bilməməsi üçün əlindən gələni edir:


“Əgər əvvəllər İranla danışıqlar yalnız onun nüvə proqramı ətrafında gedirdisə, indi müzakirə olunan məsələlərin sayı xeyli artıb və burada həlledici məsələlərdən biri də balistik raketlərlə bağlı məsələdir. Məlumdur ki, İranın 3.000-ə yaxın balistik raketi var. Onların uçuş məsafəsi hələlik ABŞ-ni narahat etmir, ancaq Prezident Tramp dəfələrlə deyib ki, əgər belə davam etsə, İran birbaşa ABŞ-ni vurmaq imkanı əldə edə bilər. Bu səbəbdən həm raketlərin sayının azaldılması tələb olunur, həm də onların uçuş məsafəsinin məhdudlaşdırılması, yəni 300 km-dən artıq olmaması istənilir və ABŞ bu məsələdə mövqeyini dəyişə bilməz”.

 


Ekspert Trampın seçki qabağı reytinqinin düşməsindən çəkindiyini bildirib:


“ABŞ İranla bağlı mövqeyini dəyişsə, noyabr ayında keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyasının ağır məğlubiyyətə uğraması ilə nəticələnə bilər. Bu səbəbdən ABŞ sona qədər dayanmaq və şərtlərini qəbul etdirmək məcburiyyətindədir. Ancaq bu, rejimin dəyişməsinə gətirib çıxara bilərmi? Ehtimal çox azdır. Bu gün elə bir populyar müxalifət lideri yoxdur ki, xalqı öz arxası ilə apara bilsin. Baxmayaraq ki, Tramp 3 namizədinin olduğunu deyir və yəqin ki, namizəd son İran şahının nəvəsidir. Əgər digər iki namizəd də onun səviyyəsində nüfuza malikdirsə, İranda rejim dəyişikliyinə getmək çox çətin olacaq. Ancaq ABŞ-nin bundan sonra hansı addımları atacağı məlum deyil. Dövlət katibi bundan sonra atılacaq addımların qorxunc olacağını bəyan edib. İndi baxaq, görək hansı qorxunc addımlar atılacaq və İranda rejim dəyişikliyinə məcbur etmək üçün ABŞ-nin gücü çatacaqmı?”.

 

Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ