Bu halda İrandan kütləvi axın ola bilər - Politoloq

Bu halda İrandan kütləvi axın ola bilər - Politoloq
Kateqoriya məlum deyil
T

İrana hücumlardan sonra region ölkələrini narahat edən məsələlərdən biri də mümkün miqrasiya təhlükəsidir. İran əhalisinin Türkiyə, Azərbaycan və Türkmənistan kimi daha təhlükəsiz ölkələrə üz tutacağı ehtimalları irəli sürülür.


İndiki vəziyyətdə bu ehtimallar nə dərəcədə realdır?


Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, İranda insanların həyatına ciddi təhlükələr mövcuddur.

 

Buna görə də E. Xalidbəyli İran əhalisinin bir qisminin təhlükədən yayınmaq üçün qonşu ölkələrə üz tutmasının mümkün olduğunu deyib:

 

"Bu ölkələr sırasında ilk növbədə Türkiyə və Azərbaycan da ola bilər. Lakin bu, oldukça ağır və mürəkkəb bir prosesdir. Çünki məcburi miqrasiya qonşu ölkələr üçün ciddi humanitar böhran yarada bilər. Hələlik İrana qonşu ölkələrin belə bir humanitar böhranla qarşılaşmağa hansı səviyyədə hazır olduqları məlum deyil. Bununla belə, real vəziyyət bunu tələb edərsə, təbii ki, İrana qonşu olan bəzi ölkələr sığınmaq istəyən vətəndaşların bir qismini qəbul edə bilərlər. Ancaq bunun hansı şərtlər daxilində mümkün olacağı hələlik qeyri-müəyyəndir”.

 


Politoloq savaşın indiki mərhələsində İran əhalisinin kütləvi şəkildə məcburi miqrasiyaya üz tutması üçün ciddi əsas görünmədiyini qeyd edib:


“Çünki zərbələr daha çox hərbi obyektlərə endirilir və yaşayış məntəqələrinin hədəfə alınması ilə bağlı məlumatlar olduqca məhduddur. Bu baxımdan hazırkı mərhələdə genişmiqyaslı miqrasiya dalğasının yaranacağını düşünmək çətindir. Lakin savaşın növbəti mərhələsində hansı hadisələrin baş verəcəyi bəlli deyil. Hazırkı vəziyyətdə isə miqrasiya ehtimalı inandırıcı görünmür”.


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ