İran ABŞ-yə trilyonluq iqtisadi anlaşma təklif edir – Politoloq

İran ABŞ-yə trilyonluq iqtisadi anlaşma təklif edir – Politoloq
Kateqoriya məlum deyil
T

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqhaeyi bildirib ki, Cenevrə danışıqlarında İran və ABŞ nümayəndə heyətləri nüvə məsələsi və sanksiyaların ləğvi ilə bağlı mühüm təkliflər irəli sürüblər. “İRNA” agentliyi onun sözlərini sitat gətirib:

 

“Nüvə məsələsi və sanksiyaların ləğvi ilə bağlı mühüm təkliflər irəli sürülüb. Hər iki nümayəndə heyətinin paytaxtlarında rəhbərliklə məsləhətləşmələr aparması planlaşdırılır”.

 

Maraqlıdır, İran hansı təklifləri nəzərdə tutur və ABŞ bununla razılaşacaqmı?

 

Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, İran tərəfinin ABŞ-yə təklif etdiyi variant bəllidir:

 

“İran ABŞ-nin irəli sürdüyü dörd şərt yox, bir məsələ üzərində müzakirə aparılmasını istəyir. Bu da İranın nüvə proqramı ilə bağlı olan məsələdir. ABŞ təklif edir ki, İran nüvə proqramını tamamilə dayandırsın. Amma İran bunun əksinə bildirir ki, bu barədə düşünmür. Xomeyninin 20 il bundan öncə verdiyi fətva önə sürülür və buna istinad edilir. İran təklif edir ki, o, uranın zənginləşdirilməsinin faizini 20%-ə qədər aşağı salsın. Eləcə də təxminən üç il müddətində nüvə proqramı üzərində işə fasilə verə bilər. Ondan sonra beynəlxalq nəzarətdə bunu davam etdirə bilər”.

 

 

Politoloqun sözlərinə görə, İran tələb edir ki, məhz bu addımların qarşısında ABŞ İrana tətbiq etdiyi sanksiyaları tamamilə aradan qaldırsın və İran iqtisadiyyatı canlansın:

 

“Bunun paralelində İran həm də ABŞ-yə iqtisadi sferada əməkdaşlıq təklif edir. Təklif edir ki, ABŞ İranla birlikdə İranın enerji sektorunda iştirak etsin. Yəni, neft-qaz yataqlarının istismarına ABŞ şirkətləri də iştirak etsin. Bundan başqa İran təklif edir ki, ABŞ onun ərazisində mədənçilik, yəni nadir torpaq elementlərinin istismarı ilə bağlı prosesdə də iştirak etsin. İran nüvə proqramı ilə bağlı təklifi ilə yanaşı, həm də ABŞ-yə bir neçə trilyonluq iqtisadi anlaşma təklif edir. Hesab edir ki, bununla məsələni razılaşdırmaq olar”.

 

Müsahibimiz qeyd edib ki, İran ABŞ-nin üç təklifi məsələsini və İsrail faktorunu da nəzərə almalıdır:

 

“ABŞ-nin isə digər üç təklifi – ballistik raketlərlə bağlı, ballistik raketlərin istehsalı ilə bağlı və onun uçuş məsafəsinin məhdudlaşdırılması ilə bağlı tələb, İranın regiondakı proksi qüvvələrə dəstəyinin durdurulması tələbi və zənginləşdirilmiş uran ehtiyatlarının İrandan çıxarılması və üçüncü ölkəyə göndərilməsi məsələləri isə müzakirə edilib. Bu baxımdan tərəflər arasında müzakirə məsələlərinə baxış ciddi şəkildə fərqlənir. Bundan başqa ABŞ və İran bu prosesdə tək deyil, İsrail faktoru da nəzərə alınmalıdır. Çünki, ABŞ ilə bərabər masada olmasa belə bu prosesdə maraqlı olan tərəf İsraildir. İsrailin də İrana qarşı tələbləri kifayət qədər sərtdir”.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ