İran ballistik raketlər mövzusundan yayınır: "Bu ciddi problemdir"

Fevralın 26-na planlaşdırılan ABŞ–İran danışıqları əsasən Tehranın nüvə proqramına həsr olunacaq. Tehran digər məsələlərin, o cümlədən ballistik raketlərlə bağlı məsələnin gündəliyə salınmasından imtina edir.
"Associated Press" agentliyinin məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio bildirib.
“Qeyd etmək istərdim ki, İranın ballistik raketlər barədə dialoq aparmaqdan ardıcıl şəkildə imtina etməsi ciddi problem yaradır”, – deyə Rubio jurnalistlərə açıqlamasında deyib.
Dövlət katibi vurğulayıb ki, İran Amerika tərəfi ilə raket mövzusunda da danışıqlar aparmalıdır. Tehran öz raketlərinin mənzilini müstəqil şəkildə 2 min km ilə məhdudlaşdırıb, lakin ABŞ raketlərin mənzilinin daha da azaldılmasında israrlıdır.
Bəs görəsən, raketlərin mənzili məsələsi ABŞ üçün nüvə silahının hazırlanması qədər önəmli məsələdirmi?
Siyasi şərhçi Ülviyyə Zülfüqar Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ–İran danışıqları ərəfəsində səslənən bəyanatlar göstərir ki, Rəsmi Vaşinqton üçün məsələ yalnız nüvə proqramı ilə məhdudlaşmır.

Onun sözlərinə görə, dövlət katibi Marko Rubionun vurğuladığı kimi, İranın ballistik raket mövzusunu gündəlikdən kənarda saxlamaq cəhdi ABŞ-də ciddi narahatlıq yaradır:
“İran raketlərinin mənzilini 2 min kilometr ilə məhdudlaşdırdığını bəyan etsə də, ABŞ və müttəfiqləri üçün bu radius kifayət qədər genişdir. Bu məsafə Yaxın Şərqin böyük hissəsini, o cümlədən ABŞ-nin bölgədəki hərbi bazalarını və əsas tərəfdaşlarını əhatə edir. Bu baxımdan məsələ sırf texniki deyil, strateji balans məsələsidir”.
Siyasi şərhçi vurğulayıb ki, Rəsmi Vaşinqtonun yanaşmasına görə, nüvə proqramı ilə raket proqramını bir-birindən ayırmaq mümkün deyil:
“Əgər İran nüvə silahı istehsal etməsə belə, raket arsenalı regionda qüvvələr balansını dəyişə bilər. ABŞ üçün risk ondan ibarətdir ki, potensial nüvə imkanları gələcəkdə yenidən aktivləşərsə, artıq hazır daşıyıcı sistemlər mövcud olacaq. Buna görə də raketlərin mənzilinin azaldılması məsələsi Birləşmiş Ştatlar üçün nüvə zənginləşdirməsi qədər strateji əhəmiyyət daşıyır. Raketlərin mənzili məsələsi də ABŞ üçün demək olar ki, nüvə proqramı qədər önəmlidir. Çünki təhlükəsizlik baxımından başlıq qədər daşıyıcı sistem də əhəmiyyətlidir. Əgər tərəflər kompromis model tapmasa, bu görüş yalnız texniki müzakirələrlə məhdudlaşa və real irəliləyiş əldə olunmaya bilər”.
Niyaz Hacıyev
Sfera.az
