Müharibə olmayacaq? – ABŞ və İran dialoqu davam etdirir

ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı məsələni diplomatik yollarla həll etmək niyyətindədir və Cenevrədə aparılan təmaslar çərçivəsində İranla əlaqələri davam etdirir. Lakin alternativ variantlar da nəzərdən keçirilir.
Bunu ABŞ-ın vitse-prezidenti J. D. Vance fevralın 25-də jurnalistlərə açıqlamasında bildirib.
Bəs görəsən, məsələnin sülh yolu ilə həlli üçün başqa variant varmı?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, müharibə nə ABŞ, nə də İrana sərf edir, ona görə də hərbi qarşıdurmadan yayınmaq üçün maksimum səy göstərirlər.
Onun fikrincə, ABŞ-də istər hökumət daxilində, istər Konqresdə, istərsə də hökumətlə Konqres arasında ciddi fikir ayrılıqları var və bu, Amerika mətbuatına sızıb:

“Fikir ayrılıqlarının olmasının da köklü səbəbləri mövcuddur. İrana qarşı qısa müddətli müharibənin mümkün olmaması, İranın effektiv cavab vermə potensialı, dini-ideoloji səbəblər ABŞ-ı narahat edir. Digər tərəfdən İran daxilindən gələn kəşfiyyat məlumatları da ABŞ hökumətinin qərarlarında ciddi rol oynayır. Buna görə də diplomatik kanalların açıq tutulmasına üstünlük verilir”.
Əli Zülfüqaroğlu əlavə edib ki, Trampın son açıqlamalarında diqqətçəkən məqamlar var:
“O, əvvəllər bildirirdi ki, İran ümumiyyətlə dinc məqsədlər üçün də nüvəni zənginləşdirməməli, eyni zamanda ballistik raketlər İsraili vura bilmə potensialına sahib olmamalıdır. Amma Tramp son açıqlamasında bildirib ki, İran heç bir halda nüvə silahına sahib ola bilməz. Eyni zamanda bəyan edib ki, İran ABŞ-ı vura biləcək raketlər istehsal etməyə çalışır. İran isə nüvənin zənginləşdirilməsinin minimuma endirilə biləcəyini, ABŞ-ı vurma potensialına sahib olan raket istehsal etmədiyini bildirir. Bu mənzərə razılaşma ehtimalını gücləndirir. Tramp razılaşmaya getməklə ABŞ cəmiyyətinə bunu qələbə kimi təqdim edə bilər. Bəyan edə bilər ki, Trampın təzyiqlərinin nəticəsində İran nüvə silahı əldə etmək fikrindən daşındı, eyni zamanda ABŞ-ı vura biləcək potensiala sahib raketlərin istehsalını dayandırdı. Beləliklə də bunu diplomatik yolla əldə edilən daha bir uğur kimi təbliğ etmələri mümkündür.
İran isə sanksiyaların ləğvinə nail olaraq ABŞ-ın təzyiqlərinə boyun əymədiyini və sərfəli sazişə imza atdığını bəyan edərək, bunu İran xalqına qələbə kimi təqdim edə bilər. Hazırda rəsmilər tərəfindən verilən açıqlamalar və mətbuata sızan informasiyalar bu mənzərəni ortaya qoyur. Bu isə təbii ki, İsraili ciddi şəkildə narahat edir. Təl-Əviv bütün gücü ilə, xüsusilə ABŞ-dəki lobbi vasitəsilə Trampa təzyiq edərək, onu İranın vurulmasına razı salmağa çalışır. Nəzərə alaq ki, noyabrda aralıq seçkiləri keçiriləcək və bu hökumət üçün həlledici mərhələdir. Sionist təşkilatlarının isə Konqres seçkilərinə xüsusilə maliyyə baxımından ciddi təsir imkanları var. Amma, istənilən halda ABŞ-ın maraqlarını, daxildəki ciddi fikir ayrılıqlarını və digər faktorları nəzərə alsaq, hələ ki diplomatiyanın öndə olacağını ehtimal etmək olar”.
Niyaz Hacıyev
Sfera.az
