Yaxın Şərqdə "3 günlük müharibə" xülyası: Bizi nələr gözləyir?

Yaxın Şərqdə artan gərginlik, qarşılıqlı sərt bəyanatlar və hərbi aktivliyin intensivləşməsi regionda mümkün genişmiqyaslı toqquşma ehtimallarını yenidən gündəmə gətirib. ABŞ–İran münasibətlərində son dövrdə müşahidə olunan ritorika və diplomatik kanalların zəifləməsi bəzi analitiklər tərəfindən mümkün müharibə ssenarisi kimi qiymətləndirilir. Hətta müəyyən proqnozlarda qarşıdurmanın qısamüddətli əməliyyatlarla məhdudlaşmayacağı, aylarla davam edə biləcəyi ehtimalı irəli sürülür.
Belə bir şəraitdə əsas suallardan biri budur: Mümkün müharibə halında müddət faktoru tərəflər üçün hansı strateji üstünlüklər və ya risklər yarada bilər?
Politoloq Zaur Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, bunu indidən demək tezdir.

Onun sözlərinə görə, proses fərqli cür cərəyan edə bilər:
“Rusiya Ukraynada üçgünlük müharibə planlaşdırırdı, amma artıq dörd ildir müharibə davam edir. Digər müharibələrin də gedişatı həmin ölkələrə verilən dəstəkdən asılı olacaq. Hazırda dünyada çox çətin proseslər gedir”.
Politoloq vurğulayıb ki, İranın vurulması və yaxud İranla müharibə təkcə İran və ABŞ-İsrail arasındakı müharibə olmayacaq:
“Bu müharibədə həm də bəzi ərəb ölkələri bu və ya digər şəkildə iştirak edəcək. Eyni zamanda, bu müharibə qonşu ölkələrdə də – Suriya və İraqda hiss olunacaq. Yaxın Şərqin müəyyən dini, etnik və siyasi coğrafiyası, çəkisi var. Bu kontekstdə dini hakimiyyətin çökməsi bölgə ətrafındakı qrupların da fəaliyyətinə təsir göstərəcək. Əgər tab gətirəcəklərsə, bu da yenə yaxın ətrafdakı proseslərə təsir edəcəkdir. Hələlik danışıqlar davam edir. Biz builki görüşdən sonra nəticənin nədən ibarət olacağını güman edə biləcəyik”.
Niyaz Hacıyev
Sfera.az
