İrana ilk zərbə — Hücum nə zaman olacaq?

"The Wall Street Journal" nəşrinin məlumatına əsasən, ABŞ İranın siyasi-hərbi rəhbərliyini, nüvə obyektlərini və ballistik raketlərini hədəfə almaq üçün müxtəlif hərbi variantları nəzərdən keçirir.
Məlumata görə, Donald Trampa təqdim olunan planlar İran rejiminin devrilməsini hədəfləyən genişmiqyaslı əməliyyatlardan tutmuş, yalnız nüvə və raket obyektlərinə yönəlmiş məhdud hava zərbələrinə qədər uzanır. ABŞ bölgəyə F-35 və F-22 qırıcıları, əlavə komanda-nəzarət təyyarələri, gücləndirilmiş hava hücumundan müdafiə sistemləri və ikinci aviadaşıyıcı göndərib. Rəsmilər əməliyyatların bir neçə həftə davam edə biləcəyini bildirirlər.
Bəs ABŞ-nin İrana ilk zərbəsi nə zaman ola bilər? Hazırlıqların hansı mərhələsində hücum baş tutacaq?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli ABŞ ilə İran arasında hərbi qarşıdurmanın baş verib-verməyəcəyinin hələlik qeyri-müəyyən olduğunu deyib.

Onun sözlərinə görə, hazırda iki dövlət arasında nüvə sazişi ilə bağlı danışıqlar prosesi davam edir:
“Təmasların hansı mərhələdə olduğu isə hələ də tam aydın deyil. Bu səbəbdən silahlı münaqişənin baş tutub-tutmayacağı qeyri-müəyyənlik olaraq qalmaqdadır. Çünki böyük ehtimalla bu sualın cavabı məhz Vaşinqton və Tehran arasındakı diplomatik prosesin yekun nəticəsindən asılıdır”.
Politoloq əlavə edib ki, əgər tərəflər arasında ciddi razılaşmalar əldə olunarsa, ABŞ-nin İranla silahlı qarşıdurmaya ehtiyac duymaması mümkündür:
“Əks halda, fikir ayrılıqları daha da dərinləşər, kompromis şansı minimuma enər və ümumiyyətlə razılıq əldə edilməzsə, o zaman hərbi gərginliyin yüksəlmə ehtimalı kifayət qədər arta bilər. Lakin mövcud şəraitdə tərəflər arasında yalnız diplomatik müzakirələr aparılır və bu prosesin birbaşa müharibə ilə nəticələnmə ehtimalı hazırkı mərhələdə o qədər də yüksək qiymətləndirilmir”.
Fidan Hacızadə
Sfera.az
