ABŞ gözləməyi üstün tutur - Mövcud vəziyyət İranı sıxışdırır

ABŞ və İran arasında davam edən nüvə danışıqları fonunda prosesin real nəticə verib-verməyəcəyi yenidən müzakirə mövzusuna çevrilib. Bir sıra beynəlxalq analitiklər hesab edirlər ki, Vaşinqtonun diplomatik aktivliyi kompromis əldə etməkdən daha çox strateji fasilə yaratmağa yönəlib. Onların fikrincə, ABŞ danışıqlar masasını qorumaqla regionda hərbi eskalasiyanın qarşısını müvəqqəti alır, eyni zamanda isə paralel olaraq siyasi, hərbi və iqtisadi hazırlıqlarını gücləndirmək üçün zaman qazanmağa çalışır.
Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayevanın fikrincə, ABŞ-nin vaxt qazanmaq istəməsinin əsas səbəbi İran probleminin təkcə nüvə məsələsi ilə məhdudlaşmamasıdır:
“Vaşinqton eyni anda bir neçə cəbhəni idarə edir: İsrail-İran gərginliyi, Yaxın Şərqdə təhlükəsizlik balansı, Ukrayna müharibəsi və daxili siyasi proseslər. Bu şəraitdə ABŞ üçün ani qərar və ya sərt addım risklidir. Danışıqların uzadılması Tehranın hərbi və siyasi manevr imkanlarını məhdudlaşdırır, eyni zamanda regionda gərginliyin partlayış həddinə çatmasının qarşısını müvəqqəti də olsa alır”.
Politoloq bildirib ki, vaxt amili ABŞ-yə təzyiq alətlərini tədricən gücləndirmək imkanı verir:
“Sanksiyalar qalır, iqtisadi yük İranın üzərində artır, daxili narazılıq dərinləşir və Tehran seçim qarşısında qalır. Vaşinqton hesab edir ki, zaman onun xeyrinə işləyir. Ya İran güzəştə gedəcək, ya da daha zəif mövqedən danışıqlar masasına qayıdacaq. Bu baxımdan, imitasiya təsiri yaradan dialoq əslində strateji səbir və aşındırma siyasətinin tərkib hissəsidir”.
Bəsti Rəfizadə
Sfera.az
