ABŞ-İran münasibətləri bu formada irəliləyəcək - AÇIQLAMA

ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "USS Gerald R. Ford" aviadaşıyıcısı və onun zərbə qrupu, ABŞ ilə İran arasında gərginliyin artması fonunda Yaxın Şərq istiqamətində hərəkətə keçib. Zərbə qrupunun tərkibinə aviadaşıyıcının hava və sualtı təhdidlərdən müdafiəsini təmin edən "USS Winston S. Churchill", "USS Bainbridge" və "USS Mahan" raket esminesləri daxildir. Aviadaşıyıcının göyərtəsində dörd "F/A-18E/F Super Hornet" qırıcı eskadrilyası, həmçinin radioelektron mübarizə və uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarələri yerləşdirilib.
Hazırda zərbə qrupu Aralıq dənizi istiqamətində irəliləyir. Gəmilər ötən gün Atlantik okeanında, Puerto-Rikonun şimalında müşahidə olunub. Məlumata görə, "USS Gerald R. Ford" hərbi əməliyyat ehtimalı fonunda İran yaxınlığındakı Ərəb dənizində yerləşən "USS Abraham Lincoln" aviadaşıyıcısına qoşulacaq. Regiona ikinci aviadaşıyıcının göndərilməsi ABŞ-yə mümkün hərbi əməliyyatların dəstəklənməsi üçün iki aviadaşıyıcı qanadından istifadə imkanı yaradır. Qeyd edək ki, İsrail-İran arasında davam edən 12 günlük qarşıdurma zamanı da ikinci aviadaşıyıcı İsrail sahillərində yerləşdirilmişdi.
ABŞ-nin bu hazırlıqları nəyə hesablanıb? İrana zərbələr artıq qaçınılmazdır?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Elçin Xalidbəyli hazırda ABŞ-nin İrana qarşı sərt təzyiq kampaniyası apardığını söyləyib:

“Əsas məqsəd İranın nüvə proqramının ləğvi ilə bağlı sazişə imza atmağa məcbur edilməsidir. Hələlik tərəflər arasında siyasi-psixoloji qarşıdurma davam edir və hər iki tərəf öz mövqeyində israrlı davranır. Ona görə də Tramp administrasiyası İrana qarşı Qərb təzyiqlərində hərbi faktoru ön plana keçirməyə çalışır. İrana mesaj verilir ki, əgər Ağ Evin istədiyi saziş imzalanmazsa, hərbi müdaxilə qaçılmaz ola bilər. Bu təzyiqləri daha sərt məzmuna gətirmək üçün ABŞ davamlı olaraq Fars körfəzinə hərbi dəniz donanması toplayır, hərbi qüvvə yerləşdirir. Bununla da rəsmi Tehrana savaş mesajı verir. Lakin hələlik bütün bunların İran və ABŞ arasında müharibəyə səbəb olacağını iddia etmək çox çətindir. Çünki Tramp administrasiyası İranla savaşda qətiyyən maraqlı deyil. Həmçinin rəsmi Tehran da İranı ABŞ ilə savaşa sürükləməməyə çalışır”.
Politoloq yaxın həftələrdə ABŞ və İran arasında siyasi-diplomatik dialoqun daha da intensiv xarakter daşıyacağını əlavə edib:
“Hətta Prezident Tramp bəyan etmişdi ki, yaxın bir ay ərzində müzakirələr davam edəcək və böyük ehtimalla bu müzakirələrin nəticəsində yekun sülh sazişi imzalana bilər. Digər tərəfdən, Tramp administrasiyasının İranda hakimiyyət dəyişikliyi kimi bir niyyətinin olmadığı da müşahidə edilir. Belə ki, Trampdan soruşulanda “İranda hakimiyyət dəyişikliyini düşünürsünüzmü?” sualına qısa cavab verərək bildirib ki, əgər İran ABŞ-nin məmnun qalacağı məzmunda bir sazişə imza atarsa, Ağ Evin İranda hakimiyyət dəyişikliyi kimi bir niyyəti yoxdur. Yəni göründüyü kimi, Tramp administrasiyası siyasi bazarlıqla məşğuldur. Əsas hədəfi savaş deyil. Əsas məqsəd İranı ABŞ-nin maraqlarına uyğun, yaxud ABŞ-nin diqtə etdiyi şərtlər daxilində tələblərin tam ifadə olunduğu bir sazişə imza atmağa məcbur etməkdir”.
Fidan Hacızadə
Sfera.az
