Aİ “Meta”nı ittiham etdi - Asılılıq yaradır

Aİ “Meta”nı ittiham etdi - Asılılıq yaradır
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) Komissiyası “Meta” şirkətini “Facebook” və “Instagram” platformalarında istifadəçiləri uzun müddət tətbiqlərdə saxlamağa yönəlmiş dizayn elementləri səbəbindən rəqəmsal qaydaları pozmaqda ittiham edib.

Sfera.az xəbər verir ki, qurumun yaydığı son açıqlamada istintaq çərçivəsində əldə olunan ilkin nəticələrə əsasən, “Facebook” və “Instagram” platformalarındakı asılılıq yaradan dizayn elementlərinin Rəqəmsal Xidmətlər Aktını (Digital Services Act) pozduğu qənaətinə gəlindiyi bildirilib.

Komissiyanın açıqlamasına görə, platformalarda tətbiq edilən sonsuz sürüşdürmə (infinite scroll), videoların avtomatik oynadılması, ani bildirişlər və yüksək səviyyədə fərdiləşdirilmiş tövsiyə sistemlərinin istifadəçilərin fiziki və psixoloji sağlamlığına yaratdığı risklər “Meta” tərəfindən yetərincə qiymətləndirilməyib.

Bildirilib ki, bu funksiyalar istifadəçilərin platformalarda daha uzun müddət qalmasına səbəb olur, sağlam olmayan istifadə vərdişlərini formalaşdırır və məcburi istifadə davranışlarını təşviq edir.

Aİ Komissiyası həmçinin “Meta”nın uşaqların gecə saatlarında “Instagram” və “Facebook”da keçirdikləri vaxtla bağlı mövcud məlumatları nəzərə almadığını vurğulayıb. Açıqlamada qeyd olunub ki, şirkətin hazırkı risklərin azaldılması tədbirləri asılılıq yaradan dizayndan qaynaqlanan təhlükələrin qarşısını effektiv şəkildə almaq üçün kifayət etmir.

Komissiya “Meta”nın “Facebook” və “Instagram” platformalarının dizaynında dəyişikliklər etməsinin zəruri olduğunu bildirib. Bununla yanaşı, qeyd olunub ki, bu nəticələr hələ istintaqın yekun qərarı deyil və “Meta”nın öz müdafiəsini təqdim etmək hüququ var.

Araşdırmanın yekununda Komissiya pozuntu faktını təsdiqləyərsə, “Meta” şirkəti qlobal illik dövriyyəsinin 6 faizinə qədər cərimə ilə üzləşə bilər.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ