Günəşdən daha yaşlı kometa aşkarlandı - Yeni KƏŞF

Astronomlar Günəş sisteminə daxil olan ulduzlararası 3İ/ATLAS kometası ilə bağlı diqqətçəkən araşdırma aparıblar. Tədqiqatın nəticələri göstərir ki, bu kometa Günəş yaranmazdan milyardlarla il əvvəl formalaşıb. Alimlərin hesablamalarına görə, onun yaşı Günəşin yaşından iki dəfədən də çox ola bilər.
Sfera.az xəbər verir ki, beynəlxalq alimlər qrupunun araşdırmasının nəticələri nüfuzlu "Nature Astronomy" elmi jurnalında dərc olunub.
Astronomların müşahidə etdiyi 3İ/ATLAS indiyədək aşkar edilən üçüncü ulduzlararası obyektdir. Bundan əvvəl yalnız "Oumuamua" asteroidi və 2İ/Borisov kometası qeydə alınmışdı. Lakin alimlərin sözlərinə görə, 3İ/ATLAS əvvəlki obyektlərdən fərqli olaraq daha parlaq olduğuna görə onun kimyəvi tərkibini ətraflı araşdırmaq mümkün olub. "Oumuamua"nın qaz örtüyü müşahidə edilməmiş, "Borisov" kometası isə kifayət qədər zəif olduğundan geniş analiz aparmaq mümkün olmamışdı.
Tədqiqatın rəhbəri, Edinburq Universitetinin astronomu Siriyel Opitom bildirib ki, ulduzlararası kometalar planetlərin yaranma dövründən qalan əsl "kosmik fosillər" hesab edilə bilər.
Onun sözlərinə görə, bu cür obyektlər milyardlarla il əvvəl başqa ulduz sistemlərində baş verən proseslər barədə məlumatı özündə qoruyub saxlayır və qalaktikanın dərinliklərindən gələrək tamamilə fərqli planet sistemlərinin tarixini öyrənmək üçün nadir imkan yaradır.
Firuzə Əliyeva
