Ərini itirdi, bütün varını satıb tank aldı - Maraqlı döyüş HEKAYƏSİ

İkinci Dünya müharibəsi zamanı həyat yoldaşının alman qoşunlarına qarşı döyüşlərdə həlak olduğunu öyrənən sovet vətəndaşı Mariya Oktyabrskaya qeyri-adi addımı ilə tarixə düşüb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Mariya Oktyabrskaya demək olar ki, bütün əmlakını sataraq əldə etdiyi vəsaiti "T-34" tankının alınmasına xərcləyib.
O, Sovet hökumətinə yalnız bir şərt irəli sürüb: tankı özü idarə etmək istəyir.
Hökumət bu müraciəti qəbul edib. 38 yaşlı Mariya tankçı hazırlığı kursunu uğurla başa vurduqdan sonra Qırmızı Ordu sıralarına qoşulub. O, idarə etdiyi tanka "Döyüşçü rəfiqə" ("Fighting Girlfriend") adını verib.
Qısa müddətdə cəsarəti ilə tanınan Mariya dəfələrlə düşmən atəşi altında zədələnmiş tankdan düşərək onu yerindəcə təmir edib və döyüşü davam etdirməyə nail olub.
1944-cü il yanvarın 17-də Vitebsk yaxınlığında gedən döyüş zamanı onun tankı yenidən sıradan çıxıb. Mariya güclü artilleriya atəşi altında tankın tırtıllarını təmir edərkən qəlpə başına dəyib və ağır yaralanıb. O, aldığı yaralardan iki ay sonra vəfat edib.
Mariya Oktyabrskaya ölümündən sonra Sovet İttifaqının ən yüksək hərbi mükafatı olan "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülüb. O, bu ada layiq görülən ilk qadın tank sürücüsü kimi tarixə düşüb.
Firuzə Əliyeva
