"Apple"ın qatlana bilən "iPhone" Ultra modeli gecikə bilər - FOTO

"Apple"ın hazırladığı ilk qatlana bilən "iPhone" Ultra modelinin satışa çıxması gözləniləndən gec baş tuta bilər. Buna səbəb cihazın istehsalının planlaşdırıldığı qədər sürətli aparılmaması və kifayət qədər məhsulun hazırlanmasında yaranan çətinliklərdir.
Sfera.az xəbər verir ki, şirkətin təchizat zənciri üzrə analitik Minq-Çi Kuonun məlumatına görə, şirkət 2026-cı ilin ikinci yarısında 7-8 milyon ədəd istehsal etməyi planlaşdırsa da, üçüncü rübdə istehsal həcmi cəmi 500 min – 1 milyon cihaz arasında olacaq. Bu isə ilk aylarda modelin bazarda məhdud sayda olacağına işarə edir.
Məlumata əsasən, "iPhone" Ultranın satış qiymətinin 2300-2500 ABŞ dolları arasında dəyişəcəyi, sifarişlərin çatdırılmasının isə 4-6 həftədən çox çəkə biləcəyi gözlənilir.
Yeni modelin 5,5 düymlük xarici, 7,8 düymlük daxili ekrana və qatlandıqda 5 millimetrdən də nazik korpusa sahib olacağı bildirilir.
Ekspertlər hesab edirlər ki, istehsalın məhdud olması səbəbindən ilk dövrdə cihazın əldə edilməsi çətin olacaq. Bazarın və tədarükün isə 2027-ci ilin əvvəlindən etibarən normallaşacağı proqnozlaşdırılır.

Altay
Sfera.az
