Mask Bezosun keçmiş arvadını tənqid etdi: "Təəssüf ki, bəli..."

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask növbəti dəfə sosial şəbəkədə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Bu dəfə onun tənqid hədəfi "Amazon"un qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı, milyarder xeyriyyəçi Makkenzi Skott olub.
Sfera.az xəbər verir ki, Mask son dörd gün ərzində “X” platformasında Skottun xeyriyyəçilik fəaliyyətini tənqid edən və məsxərəyə qoyan ən azı səkkiz paylaşımı bəyənib və ya yenidən paylaşıb.
O, istifadəçilərdən birinin "Makkenzi Skott keçmiş ərinin 26 milyard dollarını xərclədi, amma heç bir faydalı nəticə əldə etmədi" fikrini paylaşaraq bu mövqeyi dəstəkləyib.
Skottun təsis etdiyi "Yield Giving" fondunun məlumatına görə, indiyədək 2 700-dən çox qrant çərçivəsində ümumilikdə 26 milyard dollardan artıq vəsait müxtəlif təşkilatlara ayrılıb. Təkcə ötən il fond tərəfindən 7 milyard dollardan çox maliyyə dəstəyi göstərilib.
Fondun fəaliyyəti "etimada əsaslanan xeyriyyəçilik" prinsipi üzərində qurulub. Bu modeldə maliyyə vəsaiti qeyri-kommersiya təşkilatlarına sürətli və əlavə bürokratik tələblər olmadan təqdim edilir.
Skottun maliyyələşdirdiyi təşkilatlar arasında yaşlılara qida çatdıran proqramlar, sosial mənzil layihələri, film məktəbləri, miqrant hüquqları və digər sosial təşəbbüslər yer alır.
Lakin Mask bu fəaliyyətə müsbət yanaşmır. "X" istifadəçilərindən birinin "Təəssüf ki, o, bu pulları dünyanı daha pis vəziyyətə salmaq üçün xərcləyir" fikrinə cavab olaraq milyarder qısa şəkildə "Təəssüf ki, bəli" yazıb.
Maskın Skotta yönəltdiyi tənqidlər onun son dövrlərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) həyata keçirilən ixtisarlarla bağlı yenidən tənqid olunması fonunda səslənir. Milyarder həmin dövrdə büdcə azaldılmasını "israfçılıq, fırıldaqçılıq və sui-istifadəyə qarşı mübarizə" kimi qiymətləndirmişdi.
Bununla yanaşı, Mask hazırda "The New York Times" qəzetinin köşə yazarı Nikolas Kristofla da polemika yaşayır. Jurnalist sosial şəbəkədə paylaşdığı siyahıda USAID-in maliyyəsinin azaldılması nəticəsində həyatını itirdiyini iddia etdiyi şəxsləri sadalayıb. Maskın tərəfdarları isə ABŞ vergi ödəyicilərinin vəsaitinin ilk növbədə ölkə daxilində xərclənməli olduğunu müdafiə ediblər.
Qeyd edək ki, İlon Mask daha əvvəl də Makkenzi Skottun xeyriyyəçilik fəaliyyətini sərt tənqid edib. O, 2024-cü ilin mart ayında sonradan sildiyi paylaşımında "Keçmiş ərlərinə nifrət edən super varlı keçmiş həyat yoldaşları Qərb sivilizasiyasının süqut səbəbləri siyahısına daxil edilməlidir" ifadəsini işlətmişdi.
Firuzə Əliyeva
