Arvadı Netanyahuya qışqırdı - "Sənin ucbatından..."

İsrailin Baş naziri Binyamin Netanyahu ilə həyat yoldaşı Sara Netanyahu arasında Qüdsdə keçirilən idman tədbirində gərginlik yaşanıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tədbir zamanı VIP tribunasında müşayiət və təhlükəsizliklə bağlı yaranan problemlər səbəbindən izdihamın içində qaldığını iddia edən Sara Netanyahu həm tədbir əməkdaşları, həm də Baş nazirin müşavirləri ilə mübahisə edib.
Məlumata görə, o, həyat yoldaşına üz tutaraq “Sənin ucbatından burada insanlarla mübahisə etdim. Məni insanlarla mübahisə etmək məcburiyyətində qoydun”, - deyib.
Sara Netanyahu Baş nazirin müşavirlərinə də narazılığını ifadə edərək “Mənimlə maraqlanmalı idiniz. Niyə mənə keçməyə icazə verilmir?”, - sözlərini səsləndirib.
İsrail mətbuatının yazdığına görə, Sara Netanyahu izdiham zamanı kifayət qədər müşayiət olunmadığını, hətta insanların onu itələdiyini də iddia edib.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda Sara Netanyahunun tədbir əməkdaşları ilə mübahisə etdiyi, daha sonra isə oturmuş vəziyyətdə olan Binyamin Netanyahunun yanına gələrək ona narazılığını bildirdiyi görünür.
Məlumata əsasən, yayılan görüntülər hadisənin qismən səngidiyi anlarda lentə alınıb.
Bəsti Rəfizadə
