Nadir kosmik teleskop Yerə düşür: NASA onu xilas etməyə çalışır

NASA 22 ilə yaxın müddətdə Yer orbitində fəaliyyət göstərən Swift kosmik teleskopunu xilas etmək üçün qeyri-adi missiyaya hazırlaşır.
Sfera.az xəbər verir ki, "Space.com"un məlumatına görə, agentlik aparatın orbitdən çıxaraq atmosferdə yanmasının qarşısını almaq məqsədilə təxminən 30 milyon dollar dəyərində əməliyyat həyata keçirməyi planlaşdırır.
Swift teleskopu 2004-cü ildə cəmi iki illik missiya kimi 250 milyon dollar dəyərində kosmosa göndərilmişdi. Lakin onun uğurlu fəaliyyəti səbəbilə missiya dəfələrlə uzadılıb və aparat astronomiya üçün mühüm alətlərdən birinə çevrilib.
Teleskop əsasən qamma partlayışlarını – kainatda baş verən ən güclü kosmik partlayışları müşahidə etmək üçün istifadə olunub. Onun əsas üstünlüyü isə kosmosda baş verən hadisələrə demək olar ki, dərhal yönələ bilməsidir.
Mütəxəssislərin sözlərinə görə, Swift-in müşahidələri kainatda qızıl və platin kimi ağır elementlərin yaranmasının güclü kosmik partlayışlarla əlaqəli olduğunu təsdiqləyib. 2022-ci ildə isə teleskop tarixdə qeydə alınan ən güclü qamma partlayışını aşkarlayıb və bu hadisə qeyri-rəsmi olaraq "BOAT" (Brightest Of All Time – bütün zamanların ən parlaqı) adlandırılıb.
Lakin Günəş aktivliyinin artması səbəbindən atmosfer müqaviməti gözləniləndən daha güclü olub və bu, aparatın orbitini sürətlə aşağı salıb. Əgər müdaxilə edilməsə, teleskop yaxın zamanda Yer atmosferinə daxil olaraq yanacaq.
NASA bu məqsədlə ABŞ-ın "Katalyst Space" şirkəti ilə əməkdaşlıq edir. Şirkət tərəfindən hazırlanmış "Link" adlı xidmət kosmik aparatı Swift-ə yaxınlaşaraq onu robot qollar vasitəsilə tutmalı və tədricən daha yüksək orbitə qaldırmalıdır.
Məlumata görə, bu missiya cəmi doqquz ay ərzində hazırlanıb ki, bu da kosmik sənaye üçün rekord sürət hesab olunur. Əgər əməliyyat uğurlu olarsa, bu, tarixdə ilk dəfə köhnə bir teleskopun xüsusi xidmət aparatı vasitəsilə daha yüksək orbitə qaldırılması olacaq.
Layihə rəhbəri Bred Tsenkonun sözlərinə görə, risklərə baxmayaraq bu cəhd elmi baxımdan tam əsaslıdır, çünki uğursuzluq halında belə Swift-in təbii şəkildə orbitdən çıxması qaçılmazdır./qaynarinfo
