Bakıda “zombi şousu”: uşaqlar üçün təhlükəli ola bilər

Bakıda “zombi şousu”: uşaqlar üçün təhlükəli ola bilər
Kateqoriya məlum deyil
T

"Gənclik Moll" Ticarət Mərkəzində keçirilən zombi şousu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tədbirdə uşaqlar qorxulu zombi obrazlarında qrimlənir, müxtəlif personajları canlandırır və əyləncə proqramında iştirak edirlər.

Sfera.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, belə tədbirlərin uşaqlara təsiri onların yaşından, temperamentindən və tədbirin necə təşkil olunmasından asılıdır.

“Bəzi uşaqlar bunu sadəcə oyun kimi qəbul etsələr də, xüsusilə kiçik yaşlı uşaqlar fantaziya ilə reallığı tam ayıra bilmədikləri üçün qorxu hissini real təhlükə kimi yaşaya bilərlər. Bu isə narahatlıq, güvənsizlik və emosional gərginlik yarada bilər. Bu cür tədbirlərin təsiri yaş qruplarına görə fərqlənir. 3-6 yaş aralığında olan uşaqlar qorxulu obrazları daha real qəbul etdikləri üçün onlarda təsir daha güclü ola bilər. Məktəb yaşlı uşaqlar bunun oyun olduğunu daha yaxşı anlayırlar, yeniyetmələr isə adətən bunu əyləncə kimi qiymətləndirirlər. Bununla belə, hər uşağın fərdi həssaslığı nəzərə alınmalıdır. Eyni tədbir bir uşaq üçün maraqlı, digəri üçün isə travmatik təcrübəyə çevrilə bilər", - o qeyd edib.

N.Orucov vurğulayıb ki, həssas uşaqlarda qorxulu obrazlarla təmas bəzən gecə kabusları, narahatlıq, tək qalmaqdan qorxma və valideyndən ayrılmaq istəməmə kimi hallara səbəb ola bilər. Bu əlamətlər uzun müddət davam edərsə və gündəlik həyata təsir göstərərsə, mütəxəssis dəstəyi almaq məqsədəuyğundur.

Psixoloq hesab edir ki, valideynlər övladlarını belə tədbirlərə apararkən onların yaşını və emosional xüsusiyyətlərini mütləq nəzərə almalıdırlar:

"Əgər uşaq qorxulu səhnələrdən narahat olur və ya əvvəllər buna oxşar vəziyyətlərdən mənfi təsirlənibsə, onu belə tədbirlərə aparmaq uyğun deyil. Tədbirdən sonra uşağın hissləri ilə maraqlanmaq, gördüklərinin sadəcə oyun olduğunu izah etmək və onu istəmədiyi halda bu cür tədbirlərdə iştirak etməyə məcbur etməmək vacibdir.

Təşkilatçılar da yaş məhdudiyyətini aydın şəkildə göstərməli, qorxu elementlərinin səviyyəsini uşaqların inkişaf xüsusiyyətlərinə uyğun tənzimləməli və valideynləri əvvəlcədən məlumatlandırmalıdırlar. Kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulan tədbirlərdə həddindən artıq realist qorxu və zorakılıq elementlərindən çəkinmək lazımdır”.

PAYLAŞ