Böyük kəşf: beyin siqnalları videoya çevriləcək

Londondakı Universitet Kollecinin (UCL) rəhbərlik etdiyi tədqiqat qrupu siçanların beyin fəaliyyətini qeydə alaraq onların izlədiyi görüntüləri yüksək dəqiqliklə yenidən yaratmağa nail olub.
Sfera.az xəbər verir ki, “eLife” jurnalında dərc olunan yeni araşdırma beynin vizual məlumatları necə emal etdiyini öyrənmək üçün mühüm üsul kimi qiymətləndirilib.
Alimlər siçanların görmə qabığında yerləşən ayrı-ayrı sinir hüceyrələrinin fəaliyyətini analiz edərək heyvanların nə gördüyünü müəyyən etməyə çalışıblar.
Araşdırma çərçivəsində mütəxəssislər dinamik neyron kodlaşdırma modeli hazırlayıb. Bu model vasitəsilə mikroskopik görüntüləmə üsulu ilə fərdi beyin hüceyrələrinin real vaxtdakı fəaliyyəti ölçülüb.
Daha sonra xüsusi alqoritm vasitəsilə beyin siqnallarındakı məlumatlar analiz edilərək siçanların izlədiyi 10 saniyəlik video görüntülər yüksək keyfiyyətlə yenidən qurulub.
Tədqiqatın rəhbəri doktor Coel Bauer bildirib ki, sistemə daha çox neyron məlumatı əlavə edildikcə bərpa olunan videoların dəqiqliyi də artır.
Alimlərin sözlərinə görə, bu nəticə insan beynində gördüklərimizin tam və dəyişməz bir “surətinin” yaranmadığını göstərir. Beynin reallığı müəyyən qədər dəyişdirərək emal etməsi isə duyğu məlumatlarının daha zəngin və faydalı hala gəlməsinə kömək edən xüsusiyyət ola bilər.
Yeni texnologiyanın gələcəkdə beyin fəaliyyətinin daha dərindən öyrənilməsinə, həmçinin nevroloji xəstəliklərin araşdırılmasına töhfə verə biləcəyi qeyd olunub.
Bəsti Rəfizadə
