İqlim qütbləşməsi: Avropa yanır, Azərbaycansa sərindir

Avropada anomal istilər müşahidə edilsə də, Azərbaycanın daxil olduğu regionda havalar nisbətən sərin keçir. Artıq yay fəslinin daxil olmasına baxmayaraq Cənubi Qafqaz regionu hələ də yaz ab-havasından çıxa bilməyib.
Bəs Avropadakı anomal istilərin və Azərbaycandakı sərin havaların əsas səbəbi nədir? Bu vəziyyət yay aylarında da davam edə bilərmi?
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, bu hadisələrin əsas səbəbi insanların milyon illərdir təbiətə vurduğu zərərin nəticəsidir:

“Yer kürəsi daim inkişaf edir, atmosfer daim hərəkətdədir. Təbiətdə nə baş verirsə, biz ona tam müdaxilə edə bilmirik. İnsan təsiri olmasa belə, təbiətdə iqlim dəyişiklikləri baş verir. Məsələn, vulkanlar, zəlzələlər, püskürmələr nəticəsində, eləcə də meşə yanğınları və ildırımların təsiri ilə təbiətdə dəyişikliklər gedir. Yəni bunlar insan təsiri olmadan da baş verən hadisələrdir. Lakin insanların metalın əridilməsi, kömürün kəşfi və istifadəsi, ümumiyyətlə, fosil yanacaqlardan istifadəsi təbiətdə ciddi dəyişikliklərə səbəb olub. O baxımdan, hazırda baş verən anomal istilər, bizim görüb-görməyəcəyimizdən asılı olmayaraq, gələcəkdə anomal soyuqlarla da əvəz oluna bilər. Buna adi yanaşmaq lazımdır. Təbiəti qorumaq, havanı çirkləndirməmək, xüsusilə də fosil yanacaqların istifadəsinin azaldılması üçün çalışmaq vacibdir”.
Mütəxəssis böyük dövlətlərin bu sahədə islahatlar aparmasının vacib olduğunu qeyd edib:
“Bu baxımdan hesab edirəm ki, Avropada baş verən anomal istilər, bizdə isə baharın uzanması və yağıntıların çox olması insanları müəyyən qədər təşvişə salır. Mən hesab edirəm ki, bundan həddindən artıq narahat olmaq lazım deyil. Təbiəti qorumaq, təbiətin verdiyi və Tanrının yaratdığı bu sistemdə baş verən hadisələrə normal yanaşmaq lazımdır. Qorxu və həyəcanla yanaşmaq düzgün deyil”.
Bəsti Rəfizadə

