Balıq yağı yaddaşı gücləndirmir - YENİ ARAŞDIRMA

Balıq yağı yaddaşı gücləndirmir - YENİ ARAŞDIRMA
Kateqoriya məlum deyil
T

Uzun illərdir yaddaşı gücləndirdiyi və Alzheimer xəstəliyinin qarşısını almağa kömək etdiyi düşünülən omega-3 balıq yağı əlavələri ilə bağlı aparılan yeni araşdırma bu iddiaları təsdiqləməyib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Cənubi Kaliforniya Universitetinin (USC) Keck Tibb Məktəbinin alimləri tərəfindən aparılan genişmiqyaslı klinik tədqiqat balıq yağı əlavələrinin beyində omega-3 səviyyəsini artırmasına baxmayaraq, yaddaş və idrak funksiyalarına müsbət təsir göstərmədiyini ortaya çıxarıb. Araşdırmada yaşı 55-80 arasında olan, Alzheimer xəstəliyinə tutulma riski yüksək hesab edilən 365 nəfər iştirak edib.

Tədqiqat iştirakçıları gündəlik qidalarında az miqdarda balıq istehlak etdikləri üçün təsadüfi qaydada iki qrupa bölünüblər. Bir qrup iki il ərzində gündə 2000 milliqram DHA (dokosaheksaenoik turşu) qəbul edib, digər qrupa isə plasebo verilib. Nəticələr göstərib ki, DHA həqiqətən də beyinə çatır. Altı ayın sonunda iştirakçıların beyin-onurğa beyni mayesində DHA səviyyəsi orta hesabla 17 faiz artıb. Bununla belə, bu artım yaddaşın yaxşılaşmasına və ya idrak qabiliyyətinin yüksəlməsinə səbəb olmayıb. Maqnit-rezonans tomoqrafiyası (MRT) nəticələri də balıq yağı əlavələrinin yaşlanma və Alzheimer xəstəliyi ilə əlaqələndirilən hipokampın kiçilməsini ləngitmədiyini göstərib. Tədqiqat iştirakçılarının təxminən yarısı Alzheimer xəstəliyi üçün ən böyük genetik risk faktoru hesab olunan APOE4 genini daşısa da, bu qrupda da omega-3 əlavələrinin qoruyucu təsiri qeydə alınmayıb.


Araşdırmanın rəhbəri doktor Hüseyn Naci Yassine bildirib ki, əldə olunan nəticələr balıq yağı əlavələrinin Alzheimer xəstəliyinin profilaktikası məqsədilə istifadəsini dəstəkləmir. Alimlər hesab edirlər ki, omega-3 yağ turşularını qida əlavələrindən deyil, Aralıq dənizi tipli balanslaşdırılmış qidalanma vasitəsilə qəbul etmək daha faydalı ola bilər. Hazırda tədqiqatçılar omega-3-ün beyinə daxil olmasına baxmayaraq niyə idrak funksiyalarına müsbət təsir göstərmədiyini araşdırırlar.

Onların fikrincə, yaş, genetik xüsusiyyətlər, qidalanma vərdişləri və ümumi sağlamlıq vəziyyəti bu prosesdə mühüm rol oynaya bilər. Mütəxəssislər vurğulayırlar ki, beyin sağlamlığını qorumaq üçün ən təsirli üsullar hələ də müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və sağlam, balanslaşdırılmış qidalanmadır.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ