“WhatsApp” yeni təhlükəsizlik funksiyası təqdim edir

Məşhur mesajlaşma platforması “WhatsApp” istifadəçiləri saxtakarlıq və kibertəhdidlərdən qorumaq məqsədilə yeni təhlükəsizlik funksiyası üzərində işləyir. Yeni sistemə əsasən, istifadəçilər əlaqə siyahısında olmayan naməlum nömrələrlə söhbətə başlamazdan əvvəl xüsusi xəbərdarlıq ekranı ilə qarşılaşacaqlar.
Sfera.az xəbər verir ki, dünyanın ən çox istifadə edilən ani mesajlaşma tətbiqlərindən biri olan “WhatsApp”-ın bu addımı, xüsusilə son dövrlərdə artan fırıldaqçılıq halları fonunda diqqət çəkir. Funksiya həm “Android”, həm də “iOS” cihazlarında sınaq mərhələsindədir.
Yeni xəbərdarlıq ekranı istifadəçi əvvəllər heç vaxt yazışmadığı bir nömrəyə mesaj göndərmək istədikdə aktivləşəcək. Ekranda həmin nömrə barədə əsas məlumatlar təqdim olunacaq: ölkə mənşəyi, kontakt siyahısında yer alıb-almaması və ortaq qrup olub-olmaması kimi göstəricilər istifadəçiyə göstəriləcək.
İstifadəçi bu məlumatları nəzərdən keçirdikdən sonra ya söhbəti davam etdirə, ya da prosesi tamamilə ləğv edə biləcək. Qeyd olunur ki, bu seçimlərin heç biri qarşı tərəfə bildirilmir.
Hazırkı təhlükəsizlik tədbirləri əsasən söhbət başladıqdan sonra aktiv olsa da yeni sistem riskli vəziyyətlərin hələ mesajlaşma başlamazdan əvvəl qarşısını almağı hədəfləyir.
Bu yenilik xüsusilə müxtəlif ölkələrdən göndərilən şübhəli mesajlar vasitəsilə istifadəçiləri tələyə salmağa çalışan fırıldaqçıların fəaliyyətini məhdudlaşdıracaq.
Mənsumə
