Yay səyahətlərində gizli təhlükə

Yay səyahətlərində gizli təhlükə
Kateqoriya məlum deyil
T

Yay tətili mövsümünün başlaması ilə milyonlarla insan uzun məsafəli avtobus, təyyarə, qatar və şəxsi avtomobil səfərlərinə çıxır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, saatlarla hərəkətsiz qalmaq ciddi sağlamlıq problemlərinə, xüsusilə də dərin venaların trombozu (DVT) qan laxtalanması riskinin artmasına səbəb ola bilər.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, fizioterapevt Əhməd Burak Sezgin bildirib ki, uzun müddət eyni vəziyyətdə oturmaq ayaq əzələlərinin “nasos” funksiyasını zəiflədir, qan dövranını ləngidir və laxtalanma üçün əlverişli şərait yarada bilər.

Onun sözlərinə görə, bu risk yalnız təyyarə səfərləri ilə deyil, uzun avtobus, qatar və avtomobil yolçuluqlarında da eyni dərəcədə müşahidə olunur.

Mütəxəssis xüsusilə 4 saatdan artıq davam edən səfərlərdə diqqətli olmağı tövsiyə edir. Yaşlılıq, artıq çəki, hamiləlik, əməliyyatlar və əvvəlki laxtalanma halları riski artıran əsas amillərdir.

Sezgin bildirib ki, dərin venaların trombozu adətən ayaqlarda yaranır və birtərəfli şişkinlik, ağrı, istilik artımı və rəng dəyişikliyi kimi əlamətlərlə özünü göstərir. Bu simptomlar ciddi qəbul edilməlidir.

O, həmçinin qeyd edib ki, laxta qoparaq ağciyərlərə gedərsə, həyati təhlükəli ağciyər emboliyası yarana bilər. Qəfil nəfəs darlığı, sinə ağrısı və huş itkisi hallarında təcili tibbi yardım vacibdir.

Mütəxəssis yay aylarında isti hava və susuzluğun da riski artırdığını bildirib. Uzun səfərlər zamanı kifayət qədər su içmək, ayaqları hərəkətdə saxlamaq və imkan olduqda qısa gəzintilər etmək tövsiyə olunur. Dar geyimlərdən uzaq durmaq və tez-tez vəziyyət dəyişmək də qan dövranına müsbət təsir göstərir.

Mənsumə

Sfera.az

PAYLAŞ