"Boss mənəm" - Trampdan G7 liderlərinə atmaca

Fransada təşkil olunan G7 sammitində ABŞ Prezidenti Donald Trampla liderlər arasında maraqlı an yaşanıb.
Sfera.az xəbər verir ki, sammitin ikinci günündə keçirilən iclasa ABŞ Prezidenti Donald Tramp gecikib.
İştirakçı ölkə liderlərinin artıq salonda hazır olduğu və masada öz yerlərini tutub gözlədiyi anlarda içəri daxil olan Tramp, öz yerinə doğru addımlayarkən masanın başında bir anlıq dayanıb. Masadakı liderlərə baxan Donald Tramp "I'm the boss", yəni "Müdir mənəm" ifadəsini işlədib. Digər ölkə liderləri isə həmin anlarda sadəcə gülərək reaksiya verməklə kifayətləniblər.
Trampın yerinə əyləşdiyi dəqiqələrdə toplantının moderatoru olan Fransa Prezidenti Emmanuel Makron ayağa qalxaraq onu qarşılayıb, daha sonra isə birgə foto çəkilişi üçün media nümayəndələrinə tərəf dönülüb. Tramp həmin anlarda da jurnalistlərə müraciət edərək, "İclasda qalmaq istəyirsiniz? Mənim üçün problem yoxdur" deyib. Lakin Trampın bu təklifi cavabsız qalıb və jurnalistlər bir qədər sonra salondan çıxarılıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın digər ölkə liderlərinə qarşı təzyiq yaratmağı və dominantlıq nümayiş etdirməyi sevdiyi dünya ictimaiyyətinə yaxşı məlumdur. Xüsusilə liderlərlə görüşərkən onların əlini özünə tərəf çəkməsi ilə məşhur olan Tramp, G7 toplantısında yan-yana əyləşdiyi Emmanuel Makronla da dəfələrlə qəribə salamlaşmalara imza atıb. 2025-ci ilin oktyabrında Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Qəzzə sammitində Makronla Tramp arasında yaşanan əl sıxma rəqabəti bu qəribə anların ən yaddaqalanı kimi tarixə düşüb.
Liderlərə qarşı üstünlük nümayiş etdirə biləcəyi heç bir fürsəti fövtə verməyən ABŞ Prezidenti, budəfəki gecikdiyi iclasda da "Lider mənəm" deməklə, gecikməkdən heç bir narahatlıq duymadığını, əksinə, digər liderlərin onu gözləməli olduğuna eyham vurub.
Bəsti Rəfizadə
