Pişiklər insanın kədərini necə hiss edə bilirlər?

Pişiklər insanın kədərini necə hiss edə bilirlər?
Kateqoriya məlum deyil
T

Pişik sahibləri tez-tez ev heyvanlarının onların əhval-ruhiyyəsinə qarşı həssas olduğunu, xüsusilə kədərli və ya stressli günlərdə daha diqqətli və mehriban davrandıqlarını bildirirlər. Bəs elm bu barədə nə deyir? ABŞ-da aparılan araşdırmalar pişiklərin insan emosiyalarına düşündüyümüzdən daha həssas ola biləcəyini göstərir.

Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, it və pişiklərin insanlarla ünsiyyət forması bir-birindən fərqlənir. İtlər daha açıq sosial davranışları və güclü bağlılıqları ilə seçilərkən, pişiklər daha müstəqil xarakter daşıyır və sahibini daim izləməsələr də bu onların emosional əlaqə qura bilmədiyi anlamına gəlmir.

Pişiklərin “soyuq”, “nankor” və ya “eqoist” olduğu barədə fikirlər isə əsasən yanlış təsəvvürlərdən qaynaqlanır. Pişik sahiblərinin müşahidələrinə görə, bu heyvanlar insanların kədərli və ya gərgin olduğu anlarda onlara yaxınlaşır, sürtünür, yanında uzanır və sakitləşdirici davranışlar nümayiş etdirir.

Oklend Universitetində tədqiqatçılar Moriah Galvan və Jennifer Vonk tərəfindən aparılan araşdırmalar göstərir ki, pişiklər insanın üz ifadəsində, səs tonunda və davranışında baş verən dəyişiklikləri hiss edə bilirlər. Bu isə onların insanın kədərini birbaşa anlaması deyil, daha çox “adi haldan fərqli vəziyyət” kimi qavraması ilə izah olunur.

Alimlər vurğulayır ki, pişiklər insan emosiyalarını insanlar kimi şüurlu şəkildə dərk etməsələr də davranış və əhval-ruhiyyədəki dəyişikliklərə qarşı həssasdırlar. Bu da onların sahibinin gündəlik rutinindəki dəyişiklikləri asanlıqla fərq etməsinə şərait yaradır.

Mütəxəssislərə görə, pişiklər düşündüyümüzdən daha müşahidəçi və adaptiv canlılardır. Onlar insanla birgə yaşadıqları mühitdə baş verən dəyişiklikləri daim izləyir və buna uyğun reaksiya verirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ