Süni intellekt bu 10 peşəni sıradan çıxaracaq - ADLAR

Süni intellektin (AI) sürətli inkişafı bəzi peşələrin gələcəyini sual altına qoyub.
Sfera.az xəbər verir ki, “Anthropic” şirkətinin apardığı araşdırmanın nəticələrini “Forbes” nəşri yayımlayıb.
Araşdırmada peşələrin süni intellekt qarşısında nə dərəcədə həssas olduğu qiymətləndirilib. “Həssaslıq göstəricisi” nə qədər yüksəkdirsə, həmin sahədə AI-nin təsiri də bir o qədər böyük hesab olunur.
Siyahıda ilk yeri 75 faiz göstərici ilə proqramçılar tutub. Bildirilir ki, süni intellekt artıq kod yazmaq, düzəliş etmək və nəticələri yoxlamaq kimi funksiyaları yerinə yetirə bilir. Bu isə insanın rolunu daha çox nəzarətçi səviyyəsinə endirir.
İkinci yerdə 70 faiz göstərici ilə müştəri xidmətləri əməkdaşları qərarlaşıb. Süni intellekt standart suallara cavab vermək, müraciətləri emal etmək və ilkin dəstək göstərmək imkanına malikdir.
Üçüncü yerdə məlumatların daxil edilməsi üzrə operatorlar yer alıb. Onların həssaslıq səviyyəsi 67 faiz qiymətləndirilib. Araşdırmaya görə, AI kağız daşıyıcılardakı məlumatların rəqəmsal sistemlərə köçürülməsində yüksək effektivlik nümayiş etdirir.
Eyni göstərici tibbi qeydiyyatçılar üçün də qeydə alınıb. Xəstələrin qeydiyyatı, elektron formaların doldurulması və sığorta məlumatlarının yoxlanılması kimi proseslərin avtomatlaşdırılması bu sahəni risk qrupuna daxil edib.
Siyahıda növbəti yerləri marketoloqlar və bazar analitikləri (65 faiz), satış menecerləri (63 faiz) və maliyyə analitikləri (57 faiz) tutub.
Səkkizinci və doqquzuncu yerlərdə proqram təminatı testçiləri (52 faiz) və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər (49 faiz) qərarlaşıb.
İlk onluğu isə 47 faiz göstərici ilə texniki dəstək mütəxəssisləri tamamlayıb.
Mütəxəssislər qeyd edirlər ki, süni intellekt bir sıra işləri avtomatlaşdırsa da, insan faktorunun tamamilə aradan qalxacağı gözlənilmir. Bununla belə, əmək bazarında yeni bacarıqlara tələbatın sürətlə artacağı vurğulanır.
İnci
Sfera.az
