25 manatdan başlayan tətil - Qiymətlər hansı ölkələrdə münasibdir?

2026-cı ilin yay mövsümü yaxınlaşdıqca turistlərin ən çox maraqlandığı əsas məsələlərdən biri də hansı ölkələrdə daha münasib büdcə ilə istirahət etməyin mümkün olmasıdır.
Xüsusilə son illərdə səyahət xərclərinin artması fonunda turistlər daha sərfəli istiqamətlərə üstünlük verməyə başlayıb.
Sfera.az bu barədə geniş araşdırmasını təqdim edir.
Son təhlillər göstərir ki, turizmin aktiv inkişaf etdiyi, lakin qiymətlərin hələ də nisbətən aşağı qaldığı ölkələr əsasən Şərqi Avropa və Cənub-Şərqi Asiyada cəmləşir. Bu regionlar həm zəngin mədəniyyət, həm də büdcəyə uyğun xidmətləri ilə seçilir.
Araşdırmalara görə, bu ölkələrdə gündəlik xərclər orta hesabla 25-85 manat arasında dəyişir ki, bu da populyar bahalı istiqamətlərlə müqayisədə 2-3 dəfə daha ucuzdur. Avropada ən münasib istiqamətlər sırasında Polşa, Macarıstan, Rumıniya və Bolqarıstan yer alır. Bu ölkələrdə bir turist üçün gündəlik orta xərc 50-100 manat civarındadır.
Hostellərdə gecələmə 16-30 manat, otellərdə isə 40-80 manat arasında dəyişir. Qida xərcləri gündəlik 20-35 manat təşkil edir. Bu ölkələrin üstünlüyü ondan ibarətdir ki, həm tarixi şəhərlər, muzeylər, qalalar, həm də ucuz ictimai nəqliyyat mövcuddur. Lakin əlavə xərclər kimi muzey biletləri (5-15 manat), şəhərlərarası qatar və avtobus biletləri (10-40 manat) və əyləncə məkanları (20-50 manat) nəzərə alınmalıdır.
Daha ucuz variantlar Balkan regionunda müşahidə olunur. Xüsusilə Albaniya və Serbiya aşağı qiymətləri ilə diqqət çəkir. Bu ölkələrdə otellər 18-35 manat, daha yaxşı şəraitli hotellər isə 40-70 manat civarındadır.
Restoranlarda yemək 9-17 manat arasında dəyişir. Albaniyada dəniz turizmi (çimərliklər, qayıq turları), Serbiyada isə gecə həyatı və festivallar turistləri cəlb edir. Əlavə xərclərə çimərlik xidmətləri (5-15 manat), gecə klubları (20-40 manat) və yerli turlar (30-60 manat) daxil ola bilər. Dünyanın ən sərfəli turizm istiqamətləri isə Cənub-Şərqi Asiyada yerləşir.
Vyetnam, Tailand və Laos kimi ölkələrdə gündəlik xərclər 26-51 manat civarındadır. Küçə yeməkləri 4-9 manat, restoranlar 10-20 manat, hostellər isə 17-35 manat təşkil edir.
Bu ölkələr tropik təbiəti, ucuz spa xidmətləri, masajlar və ekzotik mətbəxi ilə məşhurdur. Burada əlavə xərclər əsasən ada turları (20-70 manat), dalğıclıq və ekskursiyalar (40-100 manat), həmçinin vizalar və daxili uçuşlardan (50-150 manat) ibarət olur. Nisbətən daha komfortlu, lakin orta büdcəli istirahət üçün İspaniya, Portuqaliya və Yunanıstan kimi ölkələr tövsiyə edilir. Bu istiqamətlərdə gündəlik xərclər 100-180 manat arasında dəyişir. Otellər 70-150 manat, qida xərcləri 30-60 manat təşkil edir.
Bu ölkələrdə çimərliklər, tarixi abidələr, festivallar və geniş əyləncə imkanları mövcuddur. Lakin əlavə xərclər daha yüksəkdir – muzey və attraksion biletləri (15-40 manat), dəniz turları (40-100 manat), avtomobil icarəsi (80-150 manat/gün).
Müqayisə üçün qeyd edək ki, Fransa, İsveçrə və Norveç kimi ölkələrdə gündəlik turist xərcləri 180-300 manatdan başlayır və bəzi hallarda daha yüksək olur. Bu ölkələrdə həm yaşayış, həm qida, həm də əyləncə xərcləri digər regionlarla müqayisədə xeyli bahadır.
Məsələn, sadə restoranlarda yemək 40-70 manat, otellər isə 150 manatdan yuxarıdır. Muzeylər, nəqliyyat və digər xidmətlər də ümumi büdcəni ciddi şəkildə artırır. Ekspertlər bildirir ki, səyahətin ümumi büdcəsinə təsir edən əsas amillərdən biri də aviabiletlərdir. Xüsusilə yay mövsümündə qiymətlər kəskin artır. Buna görə də erkən rezervas
iya, endirim kampaniyalarının izlənməsi və alternativ tarixlərin seçilməsi xərcləri əhəmiyyətli dərəcədə azalda bilər.
Ümumilikdə, düzgün planlaşdırma, marşrutun əvvəlcədən müəyyən edilməsi və xərclərin optimallaşdırılması ilə yay tətilini minimal büdcə ilə təşkil etmək mümkündür. Büdcə səyahətçiləri üçün isə ən sərfəli seçimlər hələ də Şərqi Avropa, Balkanlar və Cənub-Şərqi Asiya olaraq qalır.
Firuzə Əliyeva
Sfera.az
