Milyonlarla avro dəyərində portretlər oğurlandı

İtaliyada özəl Magnani-Rokca Fondunda baş verən soyğun zamanı Renoir, Cezanne və Matissenin bir neçə milyon avro dəyərində rəsmləri oğurlanıb.
Sfera.az xəbər verir ki, İtaliya polisinin məlumatına görə, soyğun 22-23 mart gecəsi baş verib.
Oğurlanan əsərlər arasında Pyer-Ogüst Renoirin "Balıq", Pol Cezannenin "Albalı ilə natürmort" və Anri Matissenin "Terasda Odaliske" əsərləri də var.
Polis soyğunçuların dörd nəfər olduğunu bildirir. Maskalı oğrular ön qapını sındırıb, birinci mərtəbədəki zallardan birinə girib və şah əsərlərlə muzey bağçasından qaçıblar.
Polisin məlumatına görə üç dəqiqədən az davam edən soyğun yaxşı planlaşdırılmış və mütəşəkkil olub.
Siqnalizasiya sisteminin işə düşməsindən qorxan soyğunçular oğurlamağı planlaşdırdıqları dördüncü rəsmi içəridə qoyublar.
Polis hazırda muzeydən və yaxınlıqdakı obyektlərin müşahidə kameralarından görüntüləri araşdırır.
Qeyd edək ki, Parmadan 20 kilometr aralıda yerləşən Magnani-Rocca Fondunda Dürer, Rubens, Van Dyck, Goya və Monenin əsərlərini özündə birləşdirən sənət tarixçisi Luigi Magnaninin kolleksiyası saxlanılır. Fond 1977-ci ildə təsis edilib.
Bu soyğunçuluq incəsənət dünyasında “dəb halını” alan bir sıra soyğunların hələ ki, sonuncusudur.
Ötən ilin oktyabr ayında oğrular Parisdəki Luvr muzeyinə gündüz vaxtı girib 100 milyon dollar dəyərində zinət əşyaları oğurlamışdılar.
Luvr soyğununda da dörd nəfər iştirak edib.
O vaxtdan bəri bir neçə şübhəli həbs olunsa da, oğurlanmış əşyaların yeri hələ də məlum deyil.
Aynil
Sfera.az
