Məşhur oyuncaqların filmi çəkilir

Ötən il bütün dünyada trendə çevrilən Labubu kuklaları indi də kino dünyasına addım atır. Sosial mediada və kolleksiyaçılar arasında böyük maraq doğuran məşhur fiqurların filmi hazırlanır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, honqkonqlu rəssam Kasing Lunqun “The Monsters” hekayə seriyasından ilhamlanan Labubu kuklaları öz qeyri-adi görünüşü ilə diqqət çəkir.
Tüklü toxuması, iri gözləri, sivri qulaqları və iti dişləri ilə tanınan bu fiqurlar qısa müddətdə qlobal populyarlıq qazanıb.
Məşhur oyuncaqların film hüquqlarını əldə edən "Sony", “Labubu” filmi üzərində işlərə rəsmi olaraq start verib. Layihə “The Monsters” qlobal sərgi turunun 10 illiyi münasibətilə Parisdə keçirilən tədbirdə elan olunub.
“Wonka” və “Paddington” filmləri ilə tanınan Pol Kinq “Labubu” filminin rejissoru olacaq. Ssenarini isə Stiven Levenson və Pol Kinq birlikdə qələmə alır. Oyuncaqların yaradıcısı Kasing Lunq da prodüserlər sırasında yer alacaq.
Hazırda istehsal mərhələsində olan filmin aktyor heyəti, süjeti və nümayiş tarixi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Labubu fiqurları ilk dəfə 2015-ci ildə Kasing Lung tərəfindən Skandinaviya mifologiyasından ilhamlanaraq yaradılan “The Monsters” hekayə seriyasında ortaya çıxıb. Daha sonra Pop Mart bu obrazları yumşaq oyuncaq fiqurlara çevirib.
Fidan Hacızadə
Sfera.az
