“Instagram”dan gözlənilməz qərar - Bu xüsusiyyət ləğv edilir

“Meta” 8 may tarixindən etibarən “Instagram” birbaşa mesajlaşmalarında təklif etdiyi başdan-başa şifrələmə xüsusiyyətini tamamilə siləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, şirkət bu qərarın səbəbi olaraq xüsusiyyətin istifadəçilərdən gözlənilən marağı görməməsini göstərib.
“Instagram”da başdan-başa şifrələmə xüsusiyyəti istifadəçilər tərəfindən əl ilə aktivləşdirilməli olan əlavə təhlükəsizlik təbəqəsi kimi təqdim edilirdi. Lakin “Meta”-nın açıqlamasına görə, xüsusiyyətin kifayət qədər populyarlaşmaması nəticəsində bu imkan 8 maydan sonra artıq mövcud olmayacaq.
Başdan-başa şifrələmə ilə təhlükəsiz şəkildə mesajlaşmağa davam etmək istəyən istifadəçilər “Meta” tərəfindən “WhatsApp”a yönləndiriləcək. “WhatsApp”da bu xüsusiyyət standart olaraq mövcuddur və mesajların üçüncü tərəflərdən qorunmasını təmin edir.
Qərar qüvvəyə mindikdən sonra təsirlənən istifadəçilərə “Instagram”da görünəcək xüsusi bildiriş vasitəsilə məlumat veriləcək. Şifrələnmiş mesajlarının məzmununu saxlamaq istəyənlər tətbiqi yeniləməklə yazışmaları və medianı cihazlarına yükləyə biləcəklər.
Mənsumə
Sfera.az
