“Epşteyn sənədləri” unuduldu - FOTO

ABŞ-də “Epşteyn sənədləri” ilə bağlı qalmaqal bir müddət əvvəl ölkə gündəmini zəbt etsə də, son hadisələr fonunda mövzu demək olar ki, arxa plana keçib.
Sfera.az xəbər verir ki, “Google Trends” məlumatlarına görə, yanvar və fevral aylarında “Epstein files” axtarışları kəskin artmışdı.
Bu, Donald Tramp administrasiyasının sənədlərin açıqlanması prosesini necə idarə etməsi ilə bağlı tənqidlərin güclənməsi və bəzi nüfuzlu şəxslərin adlarının gizlədildiyi iddiaları ilə əlaqələndirilirdi.
Lakin qısa müddət sonra qlobal hadisələr informasiya gündəmini dəyişdirdi. Əvvəlcə Venesueladakı böhran, daha sonra isə İran ətrafında sürətlə artan gərginlik və hərbi əməliyyatlar dünya mediasının əsas mövzusuna çevrildi.
Nəticədə ictimai maraq sürətlə başqa istiqamətə yönəldi. Analitik məlumatlara görə, İranla bağlı münaqişə başlayandan sonra “Epşteyn sənədləri” üzrə axtarışlar kəskin azalıb və mövzu əsas media müzakirələrindən demək olar ki, yoxa çıxıb.
Beləliklə, müasir Amerika siyasətinin ən qalmaqallı məsələlərindən biri sayılan “Epşteyn sənədləri” mövzusu qlobal müharibə riskləri və enerji böhranı kimi daha böyük hadisələrin kölgəsində qalıb.
Firuzə Əliyeva
Sfera.az

