Bu ölkələr İrandan kompensasiya tələb edə bilər

Yaxın Şərqdə artan hərbi gərginlik fonunda raket və dron zərbələrinin region ölkələrinə təsiri ilə bağlı yeni müzakirələr başlayıb. Müharibədə iştirak etməyən, lakin hücumlar nəticəsində zərər görən ölkələrin gələcəkdə İrandan kompensasiya tələb edib-etməyəcəyi sual doğurur.
Sfera.az xəbər verir ki, beynəlxalq hüquqa görə hərbi əməliyyatlar nəticəsində başqa dövlətin ərazisinə və ya mülki obyektlərinə zərər vurulması həmin dövlətə kompensasiya tələbi irəli sürmək imkanı yarada bilər.
Bu məsələ xüsusilə raket və pilotsuz uçuş aparatlarının üçüncü ölkələrin ərazisinə düşməsi, infrastrukturun və ya mülki obyektlərin zərər görməsi hallarında gündəmə gəlir.
Son günlər regionda baş verən hadisələr də bu müzakirələri aktuallaşdırıb. İranın cavab zərbələri əsasən ABŞ hərbi obyektlərinin yerləşdiyi ölkələri hədəf alsa da, hücumlar nəticəsində münaqişədə birbaşa iştirak etməyən dövlətlər də zərər görüb. Zərbələr nəticəsində müxtəlif səviyyədə ziyan görən ölkələr arasında Azərbaycan, Qətər, Bəhreyn və İordaniya da var. Bəzi yerlərdə raket və pilotsuz aparatların qalıqlarının yaşayış məntəqələrinə və mülki infrastruktura düşərək zərər vurub. Regionun müxtəlif ölkələrində isə hücumlar səbəbindən hava məkanının bağlanması, enerji infrastrukturu və digər obyektlərdə zərər halları qeydə alınıb.
Tarixdə buna bənzər presedent də mövcuddur. 1990-cı ildə İraqın Küveyti işğal etməsindən sonra yaranan zərərlərə görə rəsmi Bağdad uzun illər kompensasiya ödəməyə məcbur olmuşdu. Bu proses Birləşmiş Millətlər Təşkilatının Kompensasiya Komissiyası tərəfindən idarə olunurdu və qərar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş mexanizm əsasında həyata keçirilmişdi.
Nəticədə İraq işğal nəticəsində dəyən ziyana görə Küveyt və digər zərər çəkmiş tərəflərə ümumilikdə 50 milyard dollardan çox kompensasiya ödəyib. Ödənişlər əsasən İraqın neft gəlirlərindən tutularaq həyata keçirilib və proses 2022-ci ilə qədər davam edib.
Oxşar mexanizm nəzəri olaraq İran üçün də tətbiq oluna bilər. Lakin bunun üçün bir neçə şərtin yerinə yetirilməsi vacibdir. Ən əsas şərt beynəlxalq təşkilatların və xüsusilə BMT çərçivəsində siyasi qərarın qəbul edilməsidir. Belə qərar olmadan kompensasiya mexanizminin yaradılması çətin görünür.
Digər tərəfdən, müasir müharibələrdə raket və dronların istifadə edilməsi səbəbindən zərərin mənbəyinin dəqiq müəyyənləşdirilməsi də hüquqi baxımdan mühüm rol oynayır. Əgər zərərin konkret olaraq hansı tərəfin hücumu nəticəsində yarandığı sübut olunarsa, zərər çəkmiş ölkələr beynəlxalq məhkəmələrdə iddia qaldıra bilər.
Münaqişə genişlənər və üçüncü ölkələrə ciddi ziyan dəyərsə, müharibədən sonra regional və beynəlxalq səviyyədə kompensasiya məsələsinin gündəmə gəlməsi istisna edilmir. Bu halda enerji infrastrukturu, mülki obyektlər və insan tələfatı ilə bağlı iddiaların ortaya çıxması mümkündür.
Beləliklə, beynəlxalq hüquq nəzəri olaraq zərər çəkmiş dövlətlərə kompensasiya tələb etmək imkanı versə də, bunun reallaşması əsasən müharibənin nəticəsindən və böyük güclərin siyasi qərarlarından asılı olacaq.
Firuzə Əliyeva
Sfera.az
