Devid Kopperfild Epşteyn qalmaqalı fonunda səhnədən ayrılır

69 yaşlı amerikalı illüzionist və hipnotist Devid Kopperfild Ceffri Epşteynlə əlaqəsi ilə bağlı qalmaqal fonunda 25 illik karyerasına son qoyur.
Sfera.az xəbər verir ki, illüzionist illərlə cinsi istismarda ittiham olunan Epşteyn və onun həmkarı Maksvell ilə yaxın əlaqəsi olub. O, Maksvellə əlaqələrini hələ də qoruyub saxlayır.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epşteyn işi ilə bağlı yayımlanan sənədlər arasında sehrbazdan bəhs edən bir sıra FTB sənədləri var. Sənədlərin birində agentlər Kopperfild və Epşteynin "potensial qurbanları bir-birinə yönləndirib-yönəltmədiklərini" və "yetkinlik yaşına çatmayanlara meylli olduqlarını" müzakirə edirlər.
İllüzionistin milyarderin qurbanları tərəfindən qaldırılan mülki iddiada da adı qeyd olunur. Zərərçəkənlərdən biri olan Johanna Seberg, Kopperfildin bir dəfə ondan qızlara başqa qızlar tapmaq üçün pul verildiyini bilib-bilmədiyini soruşduğunu xatırlayır.
İllüzionistin özü heç vaxt qanun pozuntusunda ittiham olunmayıb. O, həmçinin özünə qarşı irəli sürülən istənilən ittihamı rədd edir, lakin 7 martda “İnstaqram” səhifəsində Los-Ancelesdəki 25 illik yaşayış müddətinin bitdiyini elan edən bir mesaj paylaşıb. Onun son şousu aprel ayına planlaşdırılıb.
Qeyd edək ki, 2024-cü ilin may ayında “The Guardian” qəzeti 16 qadının Kopperfildi illərlə cinsi təcavüz və uyğunsuz davranışda ittiham etdiyini bildirmişdi. Həm onun vəkili, həm də sehrbaz özü bu iddiaları təkzib etmişdi.
Aynil
