NASA asteroidin orbitini dəyişdirməyə nail oldu

NASA asteroidin orbitini dəyişdirməyə nail oldu
Kateqoriya məlum deyil
T

NASA tərəfindən həyata keçirilən “DART mission” kosmik missiyası tarixə düşüb. 2022-ci ildə bir asteroidə qəsdən çırpılan kosmik aparat təkcə hədəf göy cisminin deyil, bütün asteroid sisteminin Günəş ətrafındakı orbitini dəyişdirib. Bu nəticə planet müdafiəsi sahəsində mühüm dönüş nöqtəsi hesab olunur.

 

Sfera.az xəbər verir ki, DART missiyası insan tərəfindən hazırlanmış bir obyektin ilk dəfə olaraq bir göy cisminin Günəş ətrafındakı orbitinə ölçülə bilən təsir göstərməsi ilə nəticələnib. Missiyanın hədəfi ikili asteroid sistemində yerləşən “Dimorphos” idi. Təxminən 170 metr diametrə malik bu göy cismi daha böyük olan “Didymos” asteroidinin ətrafında dövr edir. Missiyanın əsas məqsədi Yer üçün təhlükə yarada biləcək asteroidlərin istiqamətini dəyişdirməyin mümkün olub-olmadığını sınaqdan keçirmək idi.

 

Missiya zamanı DART kosmik aparatı qəsdən “Dimorphos” asteroidinə çırpılıb. İlkin hesablamalara əsasən, toqquşmadan sonra “Dimorphos”un “Didymos” ətrafında dövr etmə müddəti təxminən 33 dəqiqə qısalıb və asteroidin orbiti “Didymos”a doğru təxminən 36 metr yaxınlaşıb. Son araşdırmalar isə göstərib ki, toqquşma yalnız “Dimorphos”a təsir etməyib. Alimlərin hesablamalarına görə, bütün asteroid sisteminin Günəş ətrafındakı hərəkətində də dəyişiklik baş verib. Məlumata əsasən, sistemin sürətində saniyədə təxminən 11,7 mikrometr, yəni saatda təxminən 4,3 santimetr həcmində dəyişiklik qeydə alınıb. Alimlərin fikrincə, bu rəqəm çox kiçik görünsə də, kosmik miqyasda uzun müddət ərzində böyük fərq yarada bilər. Belə dəyişikliklər gələcəkdə potensial təhlükəli asteroidlərin Yerə çırpılıb-çırpılmayacağını müəyyən edə bilər.

 

Mütəxəssislər hesab edir ki, DART missiyasının nəticələri gələcəkdə Yerə doğru hərəkət edən asteroidlərin erkən mərhələdə istiqamətinin dəyişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ