Aşırı təmizlik davranışı xəstəlik göstəricisidir

İnsanlar arasında “təmizlik xəstəliyi” kimi tanınan davranış forması tez-tez müzakirə olunur.
Bir çoxları bunu sadəcə səliqə və gigiyenaya diqqət kimi qiymətləndirsə də, bəzi hallarda bu vəziyyət psixoloji pozuntu kimi qəbul edilə bilər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, psixologiyada bu hal Obsessiv-kompulsiv pozuntu (OKP) adlanır. Bu pozuntu insanın istəmədən yaranan narahat düşüncələr və onları aradan qaldırmaq üçün təkrarlanan davranışlarla xarakterizə olunur. OKP-nin ən geniş yayılmış formalarından biri isə məhz həddindən artıq təmizlik və çirklənmə qorxusudur.
Bildirilir ki, bu problem yaşayan insanlar mikroblardan və xəstəliklərdən həddindən artıq qorxur, nəticədə eyni hərəkətləri dəfələrlə təkrar etməyə başlayırlar. Belə şəxslər gün ərzində əllərini dəfələrlə yuyur, əşyaları təkrar-təkrar dezinfeksiya edir və ya çirklənmə qorxusu ilə bəzi əşyalara toxunmaqdan çəkinirlər. Adi səliqə ilə xəstəlik arasında ciddi fərq var.
Əgər təmizlik davranışları insanın gündəlik həyatına, işinə və sosial münasibətlərinə mənfi təsir göstərirsə, bu artıq psixoloji problem hesab edilə bilər. Araşdırmalara görə, obsessiv-kompulsiv pozuntunun yaranmasına genetik meyillilik, stress, travmatik hadisələr və güclü narahatlıq hissi kimi faktorlar təsir edə bilər.
Fidan Hacızadə
Sfera.az
