140 dəfə zum edə bilir - Yeni smartfon

Texnologiya şirkəti “Nothing” yeni nəsil smartfonları olan “Nothing Phone (4a)” və “Nothing Phone (4a) Pro” modellərini rəsmi şəkildə təqdim edib. Şirkətin açıqlamasına görə, yeni seriya həm güclü texniki xüsusiyyətləri, həm də markaya xas şəffaf dizaynı ilə diqqət çəkir.
Sfera.az xəbər verir ki, seriyanın ən güclü modeli olan “Nothing Phone (4a) Pro” 4 nanometrlik texnologiya ilə hazırlanmış “Qualcomm Snapdragon 7 Gen 4” prosessoru ilə təchiz olunub.
Smartfon 6,83 düymlük AMOLED ekranla gəlir və ekranın yenilənmə tezliyi 144 Hz-ə qədər yüksələ bilir. Ekranın maksimal parlaqlığının isə 5000 nitə çatdığı bildirilir.
Modelin əsas diqqət çəkən xüsusiyyəti 50 meqapiksellik periskop telefoto kamerasıdır. Bu kamera 3,5 dəfə optik və 140 dəfə rəqəmsal zum imkanı təqdim edir. Arxa paneldə isə bildiriş və animasiyaları göstərən 137 mini-LED-dən ibarət yeni “Glyph Matrix” işıqlandırma sistemi yerləşdirilib.
Seriyanın daha münasib qiymətli modeli olan “Nothing Phone (4a)” isə “Qualcomm Snapdragon 7s Gen 4” prosessoru ilə işləyir. Bu model 120 Hz yenilənmə tezliyinə malik 6,78 düymlük AMOLED ekranla təchiz olunub. Standart modeldə də 50 meqapiksellik periskop kamera mövcuddur, lakin rəqəmsal zum imkanı 70 dəfə ilə məhdudlaşdırılıb.
Hər iki smartfon Android 16 əsaslı Nothing OS 4.1 əməliyyat sistemi ilə təqdim edilir və istehsalçı cihazlara altı il təhlükəsizlik yeniləməsi veriləcəyini açıqlayıb.
Qara, gümüş və çəhrayı rənglərdə satışa çıxarılacaq Nothing Phone (4a) Pro modelinin başlanğıc qiyməti 479 avro, Nothing Phone (4a) modelinin isə 349 avro olacaq.
Bəsti Rəfizadə
Sfera.az
