2026-cı ilin yaz dəbi: Geyim, saç və makiyaj trendləri

Qarşıdan gələn yaz fəsli ilə qışın ağır tonları yavaş-yavaş geri çəkiləcək, küçələr isə açıq rənglər və rahat siluetlərlə canlanacaq. Stilistlərin fikrincə, 2026-cı ilin yaz dəbi əvvəlki illərdən fərqli olaraq yalnız gözəlliyi deyil, həm də rahatlığı, praktikliyi və “özün kimi görünmək” ideyasını ön plana çıxarır. Bu mövsüm dəb sərt qaydalarla diktə olunmayacaq; əsas məqsəd fərdiliyi vurğulamaqdır.
Sfera.az xəbər verir ki, aparılan araşdırmalar həm podiumlarda, həm də gündəlik şəhər stilində üç əsas istiqamətin üstünlük təşkil edəcəyini göstərir: minimalizm, romantik elementlər və retroya qayıdış.
Rəng palitrası və geyim üslubu
Pastel çəhrayı, lavanda, açıq mavi, fıstıq yaşılı və krem tonları bu mövsümün əsas rəngləridir. Mütəxəssislərin fikrincə, bir neçə pastel tonunu eyni kombində istifadə etmək artıq səhv sayılmır, əksinə, bu, yazın ən populyar üsuludur. Şəffaf parçalar yalnız gecə geyimində deyil, gündəlik köynək, yubka və hətta pencəklərdə də qarşımıza çıxacaq. “Oversize” şalvarlar, uzun pencəklər və kişi üslubunda köynəklər dar cinsləri əvəzləyib. Xüsusilə pencək və şort kombinasiyası bu yazın şəhər stilində əsas trend olacaq. Bununla yanaşı, "boho" romantikası da geri qayıdır; çiçəkli uzun donlar və kənd üslubu elementləri gündəlik geyimdə geniş yer alacaq.
Makiyaj: Təbii canlılıq
Makiyajda əsas istiqamət “makiyajsız makiyaj”dır (no-makeup look). 2026-cı ilin yaz makiyajının məqsədi simanı dəyişdirmək deyil, canlandırmaqdır. Ağır tonal kremlərin yerini dəri tintləri və parıltılı (glow) effektlər tutub. Yanaqlarda şaftalı tonları istifadə edilməlidir ki, üzə təbii, günəşdən qızarmış görünüş verilsin. Gözlərdə pastel laynerlər və minimal tuş trenddədir, “smokey-eye” isə arxa plana keçib. Dodaqlarda mat pomadalar deyil, parlaq "lip oil"lər, şəffaf "gloss"lar və ton verən balzamlar üstünlük təşkil edir.
Saç dəbi: Təbii formalar
Saçlarda təbiilik ön plandadır. Fenlə düzləşdirilmiş saçlar deyil, yumşaq və bir qədər dağınıq dalğalar populyar olacaq. Toppuzlar gündəlik stilin əsas elementinə çevrilməlidir. “Butterfly” kəsimi uzun saçlılar üçün ideal seçimdir. “Wet look” (nəm saç) effekti isə gecə çıxışları üçün nəzərdə tutulub, lakin burada saç sərt gellə deyil, sadəcə nəmləndirilmiş kimi görünməlidir.
Əsas mesaj: Özünə uyğun görünmək
Stilistlər bildirir ki, bahalı görünmək deyil, özünə uyğun və rahat görünmək bu mövsümün əsas trendidir. 2026-cı ilin yazı fərdiliyi və təbiiliyi ön plana çıxaran ən real dəb mövsümü kimi yadda qalacaq.
Bəsti Rəfizadə
Sfera.az
